ABŞ İranın 100 milyon dollar məbləğində kriptovalyuta ödənişlərinin həyata keçirilməsinə görə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən şirkətə və onun sahibi, Ukrayna vətəndaşı İvan Obuxova qarşı sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyi bildirib ki, bu vəsaitlər İran neftinin ödənişləri üçün istifadə olunub.
Banker.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, BƏƏ-də yaşayan İvan Obuxov və 2022-ci ildə satın aldığı Foscom şirkəti bir neçə il ərzində İran silahlı qüvvələrinin və onun müttəfiqlərinin ehtiyacları üçün İran neftinin tədarükünə yardım edib.
Nazirlikdən bildirilib ki, “2023-cü ildən etibarən Obuxov İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) adından 100 milyon dollardan çox məbləğdə kriptovalyuta ödənişlərini emal edib”. Bu ödənişlər, o cümlədən neft satışının həyata keçirilməsinə yardım məqsədi daşıyıb.
ABŞ Maliyyə Nazirliyi İrana qarşı “İqtisadi pariya” adlandırılan əməliyyatın başladığını elan edib. ABŞ Maliyyə naziri Skott Bessent avqustun 24-də bildirib ki, Vaşinqton İrana yardım edən istənilən təşkilatı dollar sistemindən kənarlaşdıracaq. O, bu kampaniyanı İran İslam Respublikasına və ona yardım edənlərə qarşı “misli görünməmiş kampaniya” adlandırıb.
ABŞ Maliyyə Nazirliyinin açıqlamasında qeyd olunur ki, İran “mövcudluğunu davam etdirmək üçün müxtəlif vasitələrdən”, o cümlədən rəqəmsal aktivlərdən istifadə edir.
“İran rejimi sanksiyalardan yayınmaq, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və İran rejiminin daxilindəki şəxslərlə əlaqəli əməliyyatları dəstəkləmək üçün kriptovalyutadan getdikcə daha çox istifadə edir”, — deyə açıqlamada bildirilir.
İyulun sonunda ABŞ Maliyyə Nazirliyi bitkoin qəbul edən İran sığorta şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Bundan iki həftə əvvəl isə İran Mərkəzi Bankının kriptovalyuta pul kisələrinə qarşı sanksiyalar elan edilmişdi. Bundan sonra onların tərkibindəki 130 milyon dollardan çox USDT stabilkoini ABŞ hakimiyyətinin sorğularını icra edən emitent Tether tərəfindən dondurulub.
Bessent apreldə ABŞ-ın İranın təxminən 500 milyon dollar dəyərində kriptovalyutasını müsadirə etdiyini bildirmişdi. Onun sözlərinə görə, bu, İran xalqının maraqları naminə həyata keçirilən “İqtisadi qəzəb” adlı başqa bir əməliyyat çərçivəsində baş verib.






