Qida Təhlükəsizliyi Agentliyinin Kollegiya qərarları ilə təsdiqlənən yeni sanitariya norma və qaydaları ət, süd, yumurta və bal kimi məhsullarda insan sağlamlığı üçün risk yarada biləcək maddələrin qalıq miqdarının məhdudlaşdırılmasını nəzərdə tutur.
Banker.az-ın məlumatına görə, yeni qaydalardan biri yem məhsullarının istehsalı, emalı və daşınması zamanı yaranan çarpaz çirklənmə nəticəsində heyvan mənşəli qidalara keçə bilən koksidiostat və histomonostatların yolverilən maksimum miqdarını tənzimləyir.
Digər dəyişiklik isə heyvanların müalicəsi və profilaktikasında istifadə olunan farmakoloji aktiv maddələrə, o cümlədən antibiotiklərə aiddir.
Yeni tələblərə əsasən, ət, süd, yumurta və balda insan sağlamlığı üçün təhlükə yarada biləcək farmakoloji aktiv maddə qalıqlarının yolverilən maksimum hədləri təkmilləşdirilib.
Dəyişikliklərin məqsədi istehlakçıların sağlamlığının qorunması, heyvan mənşəli qidaların təhlükəsizlik və keyfiyyət göstəricilərinin beynəlxalq tələblərə uyğunlaşdırılması, həmçinin qida zəncirində çarpaz çirklənmə risklərinin azaldılmasıdır.
Yeni sanitariya norma və qaydaları 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək.
Hazırlanan sənədlərlə https://shorturl.at/WVODW və https://shorturl.at/8WZtc linklərinə keçid edərək tanış olmaq mümkündür.







