Bank sektorunda müddətli əmanət yerləşdirən unikal müştərilərin sayı artmaqda davam edir.
Banker.az-ın Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalara görə, 2026-cı ilin iyul ayının sonunda banklarda müddətli əmanəti olan unikal FİN müştərilərinin sayı 223 364 nəfər təşkil edib. Bu, ötən ilin iyul ayı ilə müqayisədə 49 662 nəfər və ya 28,6% çoxdur. 2025-ci ilin iyulunda bu göstərici 173 702 nəfər olub.
Bu dövrdə əhalinin müddətli əmanətlərinin ümumi həcmi də artıb. İyulun sonunda əhalinin banklardakı müddətli əmanətləri 11,34 mlrd manat təşkil edib ki, bu da bir il əvvəlki 9,41 mlrd manatla müqayisədə 20,5% artım deməkdir.
Lakin əmanətçilərin sayının əmanətlərin həcmindən daha sürətli artması bir müştəriyə düşən orta depozit məbləğinin azalmasına səbəb olub. Belə ki, 2025-ci ilin iyulunda bir əmanətçiyə orta hesabla 54 162 manat düşdüyü halda, 2026-cı ilin iyulunda bu göstərici 50 779 manata enib. Beləliklə, orta müddətli əmanət məbləği bir il ərzində 3 383 manat və ya 6,2% azalıb.
Unikal FİN – bank sistemində bir şəxsin neçə bankda və ya neçə müddətli əmanəti olmasından asılı olmayaraq, o statistikada yalnız bir dəfə nəzərə alınır.








