“İdeal Kredit” BOKT MMC 2026-cı ilin ilk altı ayında 1,9 milyon manat xalis mənfəət əldə edib. Şirkətin hesabat dövründə əməliyyat mənfəəti 2,35 milyon manat, mənfəət vergisi ödənişi isə 469,7 min manat təşkil edib.
Banker.az xəbər verir ki, BOKT-nin faiz gəlirləri 4,04 milyon manat, faiz xərcləri isə 749,2 min manat olub. Nəticədə xalis faiz gəliri 3,29 milyon manat təşkil edib. Qeyri-faiz gəlirləri 745,3 min manat olduğu halda, qeyri-faiz xərcləri 1,69 milyon manat olub. Beləliklə, şirkətin ümumi gəlirləri 4,79 milyon manata, gəlir və xərclər arasındakı əməliyyat nəticəsi isə 2,35 milyon manata çatıb.
2026-cı ilin ilk yarısının sonunda “İdeal Kredit”in aktivləri 32 milyon manat təşkil edib ki, bu da 2025-ci ilin sonundakı 24,2 milyon manatla müqayisədə 32,2% artım deməkdir. Müştərilərə verilmiş kreditlərin ümumi məbləği 31,54 milyon manata yüksələrək 43,3% artıb. Eyni zamanda, pul vəsaitləri 525,4 min manatdan 168 min manata enərək 68% azalıb.
Öhdəliklər 13,84 milyon manatdan 18,83 milyon manata yüksələrək 36,1%, kapital isə 10,35 milyon manatdan 13,14 milyon manata çataraq 26,9% artıb. Banklardan cəlb edilmiş kreditlər də 8,24 milyon manatdan 12,53 milyon manata yüksəlib və 52% artım göstərib.






