İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında istehsalın həcmi 1 milyard 940 milyon manata çatıb.
Bunu agentliyin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Taleh Quliyev deyib.
O bildirib ki, 2026-cı ilin birinci yarısında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında istehsalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz artaraq 1 milyard 940 milyon manat olub.
“Bu dövrdə istehsal olunan məhsulların 554,7 milyon manatlıq hissəsi ixrac edilib. İnvestorların fəaliyyətinin təşviqi məqsədilə sənaye parklarının rezidentlərinə qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə mühüm vergi və gömrük güzəştləri tətbiq olunur. Belə ki, rezidentlər əmlak, torpaq və mənfəət vergilərindən azad edilir, həmçinin istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə 10 il müddətində ƏDV və gömrük rüsumu tətbiq edilmir. Bu güzəştlər investorların xərclərinin optimallaşdırılmasına, istehsal imkanlarının genişləndirilməsinə və yeni investisiyaların cəlbinə əlavə stimul yaradır”, – agentlik rəsmisi vurğulayıb.






