Azərbaycan Mərkəzi Bankı elektron pul təşkilatı “Baku Pay” MMC-nin (Payonix) vəzifəli şəxsi və ödəniş təşkilatı “Global İnnovations” MMC (ePoint) barəsində inzibati tədbir görüb.
Banker.az xəbər verir ki, Mərkəzi Bankın 31 mart–15 aprel 2026-cı il tarixlərində “Payonix”də apardığı yerində yoxlama zamanı pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması ilə bağlı qanunvericiliyin tələblərinin pozulması faktları aşkarlanıb. Bununla əlaqədar şirkətin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 439-2.2-ci maddəsinə əsasən 2 000 manat məbləğində cərimə edilib.
Bundan əlavə, Mərkəzi Bankın 24 fevral–17 mart 2026-cı il tarixlərində “Global İnnovations” MMC-də keçirdiyi yerində yoxlama zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması müəyyən edilib.
Nəticədə “Global İnnovations” MMC hüquqi şəxs olaraq İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2, 598.1.5 və 598.4-cü maddələrinə əsasən 50 000 manat məbləğində cərimə edilib.







