Azərbaycanda ərzaq inflyasiyasını 2 ay öncədən göstərən indeks hazırlanıb

Azərbaycanda idxal olunan ərzaq məhsullarının qiymətlərindəki dəyişikliklərin daxili bazarda ərzaq inflyasiyasını təxminən 2 ay qabaqladığı müəyyən edilib.

Bu nəticə Azərbaycan Mərkəzi Bankının əməkdaşları Təmkin Nuriyev, Aygün Qarayevə və Gülzar Tahirovanın hazırladığı “Azərbaycanda idxal olunan ərzaq qiymətləri indeksinin qurulması və proqnozlaşdırılması” adlı tədqiqat işində əksini tapıb.

Araşdırma çərçivəsində 2018-ci ilin yanvarından 2026-cı ilin fevralınadək olan dövr üzrə təxminən 800 min gömrük əməliyyatının məlumatları təhlil edilib. Bunun əsasında istehlak səbətinə daxil olan və idxaldan əhəmiyyətli dərəcədə asılı 34 ərzaq məhsulunu əhatə edən İdxal Olunan Ərzaq Qiymətləri İndeksi – IFPI hazırlanıb.

Tədqiqatın nəticələrinə görə, yeni indekslə rəsmi ərzaq istehlak qiymətləri indeksi arasında ən yüksək korrelyasiya 0,81 səviyyəsində qeydə alınıb və bu göstərici iki aylıq gecikmə ilə müşahidə olunub. Başqa sözlə, idxal qiymətlərindəki dəyişikliklər pərakəndə ərzaq qiymətlərində təxminən iki ay sonra daha aydın əks olunur.

Araşdırmada qeyd edilir ki, gömrük məlumatları hesabat ayından orta hesabla 20–25 gün sonra, rəsmi ərzaq inflyasiyası göstəriciləri isə ayın sonundan 10–15 gün sonra açıqlanır. Bu fərq nəzərə alındıqda yeni indeks rəsmi ərzaq qiymətləri göstəricisinə münasibətdə təxminən 6–7 həftəlik informasiya üstünlüyü yaradır. Bu isə inflyasiya təzyiqlərinin daha erkən müəyyən edilməsinə imkan verə bilər.

Tədqiqatda həmçinin maşın öyrənməsi üsullarından istifadə etməklə idxal ərzaq qiymətlərinin proqnozlaşdırılması modeli hazırlanıb. Modelin orta istiqamət dəqiqliyi 72,22%, təsadüfi gediş modelinə nisbətən orta proqnoz üstünlüyü isə 58,1% təşkil edib.

Müəlliflərin qənaətinə görə, idxal ərzaq qiymətləri indeksindən Mərkəzi Bankın daha geniş inflyasiya proqnozlaşdırma modellərində istifadə olunması qısamüddətli ərzaq inflyasiyası proqnozlarının dəqiqliyini artıra bilər.

Qeyd edək ki, Azərbaycanda ərzaq məhsulları istehlak səbətinin təxminən 43%-ni təşkil edir. Tədqiqat müəllifləri ölkədə ərzaq istehlakının əhəmiyyətli hissəsinin idxaldan asılı olması səbəbindən daxili qiymətlərin beynəlxalq əmtəə qiymətləri və qlobal təchizat şoklarına həssas olduğunu bildirirlər.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər