Cənubi Qafqaz Boru Kəməri şirkətinin xərcləri 25% artıb

Cənubi Qafqaz Boru Kəməri (CQBK) üzrə 2026-cı ilin ilk yarısında ümumi xərclər təxminən 60 milyon dollar təşkil edib.

Banker.az xəbər verir ki, hesabat dövründə CQBK-nin əməliyyat xərcləri 41 milyon dollar, əsaslı xərcləri isə 19 milyon dollar olub. 2025-ci ilin ilk yarısında bu göstəricilər müvafiq olaraq 36 milyon və 12 milyon dollar təşkil edib.

Beləliklə, CQBK-nin ümumi xərcləri illik müqayisədə 12 milyon dollar və ya 25% artıb. Əməliyyat xərcləri 5 milyon dollar (13,9%), əsaslı xərclər isə 7 milyon dollar (58,3%) yüksəlib.

İlin ilk altı ayında CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 63,7 milyon kubmetr olub. Bu göstərici ötən ilin eyni dövründə 62,4 milyon kubmetr təşkil edib və illik 2,1% artıb.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Şahdəniz qazını Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırır. CQBK-nin genişləndirilməsi sistemi vasitəsilə kommersiya qazının Türkiyəyə nəqlinə 2018-ci ilin iyununda, Avropaya nəqlinə isə 2020-ci ilin dekabrında başlanılıb.

Qeyd edək ki, 1 iyul 2026-cı ildən CQBK-nin ümumi operatorluğu “BP Exploration (Caspian Sea) Limited” şirkətindən SOCAR-a məxsus törəmə müəssisə olan “SOCAR Midstream Operations” MMC-yə keçib.

CQBK şirkətinin sərmayədarları bp (29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%) və NİKO-dur (10,00%).

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər