Azərbaycanda mənzil bazarında qiymətlər 2026-cı ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə artıb. İlkin mənzil bazarında qiymətlər 8,3%, təkrar mənzil bazarında isə 12,7% yüksəlib. Qiymətləndirici qurum da köhnə tikililərin yenilərdən daha çox bahalaşdığına işarə edir.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, II rübdə ilkin bazarda qiymətlər əvvəlki rüblə müqayisədə 1,5%, illik 8,6% artdığı halda, təkrar bazarda müvafiq artım 2,6% və 12,4% olub.
Qiymət artımı fonunda istifadəyə verilən yaşayış evlərinin sayı da əhəmiyyətli dərəcədə artıb. 2026-cı ilin ilk yarısında Azərbaycanda 16 529 mənzil istifadəyə verilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 27,6% çoxdur. Yeni mənzillərin ümumi sahəsi isə 2,25 milyon kvadratmetr təşkil edib və illik müqayisədə 22,7% artıb.
İstifadəyə verilən mənzillərin əsas hissəsi fərdi yaşayış və bağ evlərindən ibarət olub. Bu kateqoriyada mənzillərin sayı 13 071 vahidə çataraq illik 20,9%, ümumi sahə isə 1,93 milyon kvadratmetr olmaqla 16,8% artıb.
Dövlət müəssisələri tərəfindən istifadəyə verilən mənzillərin sayı 2025-ci ilin ilk yarısındakı 69 vahiddən 2026-cı ilin eyni dövründə 2 247 vahidə yüksəlib. Qeyri-dövlət müəssisələri tərəfindən istifadəyə verilən mənzillərin sayı isə 2 072-dən 1 634 vahidə enib. Əhali tərəfindən inşa edilən mənzillərin sayı isə 2026-cı ilin ilk yarısında 12 648 vahid təşkil edib.
Bu arada, Azərbaycan Qiymətləndiricilər Palatasının avqust ayı üzrə hesablamalarına görə, mənzil bazarında qiymət dinamikası seqmentlər üzrə fərqlənib. Köhnə tikili mənzillərin median satış qiyməti iyulla müqayisədə 0,4% artaraq 2 625 manat/m², yeni tikililərdə isə 1,4% azalaraq 2 771,7 manat/m² olub. Kirayə bazarında isə köhnə tikililərdə median qiymət 1,9% artaraq 10,70 manat/m² təşkil edib. Yeni tikililərdə də kirayə indeksi 97,8-dən 98,8-ə yüksəlib.
Palatanın məlumatına görə, fərdi yaşayış evləri və torpaq bazarında avqustda əsasən sabitlik və zəif korreksiya müşahidə olunub. Bakı üzrə torpağın median qiyməti aylıq 1,5% azalaraq 16 123,6 manat/sot təşkil etsə də, göstərici baza dövründən 20,9% yüksək qalıb. Kommersiya daşınmaz əmlakında isə satış qiymətləri 0,7% artıb. AQP-nin Tikinti İndeksi də avqustda aylıq 3,07% yüksələrək 110,1-ə çatıb ki, bu da tikinti xərclərində artımın davam etdiyini göstərir.
Mənzil bazarında qiymət artımı fonunda ipoteka kreditləşməsinin tempi isə zəifləyib. İyulun sonunda ipoteka kreditlərinin ümumi portfeli 4,73 milyard manata çatıb və illik artım 6,4% təşkil edib. Halbuki əvvəlki illərdə portfelin illik artımı daha yüksək olub: 2023-cü ilin mayında 25,1%, 2024-cü ilin mayında 19,3%, 2025-ci ilin mayında isə 13,1% təşkil edib. 2026-cı ilin ilk yarısında İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 226,3 milyon manatlıq 2 242 kredit verilib ki, bu da məbləğ baxımından illik 2,7% azdır.
Qeyd edək ki, mənzil bazarında qiymət artımı əhalinin nominal gəlirlərinin və inflyasiyanın dinamikası daha yüksək templə artır. 2026-cı ilin yanvar-iyun aylarında əhalinin nominal gəlirləri illik 10,3% artıb, eyni dövrdə insanların ərzaq, digər mallar və xidmətlərə xərclədiyi qiymətlər 5,7% artıb. İyun ayında isə illik inflyasiya 5,8% təşkil edib.







