2026-cı ilin yanvar-avqust aylarında yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alınması zamanı vətəndaşlara 23,2 milyon manat ƏDV qaytarılıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15% çoxdur. 2025-ci ilin yanvar-avqust aylarında bu göstərici 20,2 milyon manat təşkil edib.
Beləliklə, bir il ərzində mənzil və digər daşınmaz əmlak alışına görə qaytarılan ƏDV-nin həcmi 3 milyon manat artıb.
Kimlər yararlana bilər?
Bu güzəştdən fiziki şəxs olan alıcılar yararlana bilər. Əmlak isə Azərbaycanda bina tikintisi fəaliyyəti ilə məşğul olan və ƏDV ödəyicisi olan şəxsdən alınmalıdır. Yəni, məsələn, MTK və ya digər bina tikintisi şirkətindən yeni tikilidə mənzil alan şəxs bu mexanizmdən istifadə edə bilər.
Nə qədər ƏDV geri qaytarılır?
Əmlakın qiymətinə daxil olan ƏDV-nin 30%-i alıcıya qaytarılır. Burada söhbət mənzilin ümumi qiymətinin 30%-indən getmir — yalnız həmin qiymətin tərkibindəki ƏDV-nin 30%-i geri ödənilir.
Məsələn, mənzilin ƏDV-siz qiyməti 100 min manatdırsa, 18% ƏDV 18 min manat edir. Bu ƏDV-nin 30%-i, yəni 5,4 min manat alıcıya qaytarıla bilər.
Əsas şərt — ödəniş tamamilə nağdsız olmalıdır
Mənzilin və ya qeyri-yaşayış sahəsinin dəyəri satıcıya tam şəkildə nağdsız qaydada ödənilməlidir. Hissə-hissə ödəniş mümkündür, amma bütün məbləğ tam ödənildikdən sonra ƏDV-nin qaytarılması həyata keçirilir. Nağd ödəniş edildiyi halda bu mexanizmdən yararlanmaq mümkün deyil.
Əgər mənzil artıq çıxarışlıdır və alqı-satqı notarius vasitəsilə aparılırsa, ödəniş notariusun bankda açdığı depozit hesabı üzərindən həyata keçirilir. Bu halda əsas məbləğ satıcının hesabına, ƏDV isə ƏDV depozit hesabına köçürülür.
500 kvadratmetr limiti
ƏDV-nin qaytarılması 500 kvadratmetrə qədər olan sahəyə tətbiq edilir. Məsələn, 600 kvadratmetrlik qeyri-yaşayış sahəsi alınırsa, qaytarılma bütün 600 kvadratmetr üçün deyil, maksimum 500 kvadratmetrlik hissə üzrə hesablanır. Eyni binadan bir neçə sahə alınarsa da bu limit nəzərə alınır.
Pulu almaq üçün nə etmək lazımdır?
Alıcı əmlakın dəyərini tam nağdsız ödədikdən sonra 90 gündən gec olmayaraq elektron portalda qeydiyyatdan keçərək müraciət etməlidir. Müvafiq sənədlər elektron kabinet vasitəsilə təqdim edilir. Müraciət vergi orqanına daxil olduqdan sonra risk qiymətləndirilməsi aparılır.
Müraciət təsdiqləndikdən sonra qaytarılmalı məbləğ 30 iş günü ərzində müvəkkil bank vasitəsilə alıcının bank hesabına köçürülür. Bank əməliyyatına görə xidmət haqqı varsa, həmin xərc qaytarılan məbləğdən çıxılır







