“Morgan Stanley”: Neft treyderləri uzunmüddətli mövqelərdən qaçır

Neft treyderləri uzunmüddətli mövqelərə daha ehtiyatla yanaşmağa başlayıblar. İrandakı münaqişə və Ukraynada davam edən müharibə neft bazarının yaxın bir neçə aydan sonrakı perspektivlərini həddindən artıq qeyri-müəyyən edir. Banker.az bunu Bloomberg-ə istinadən xəbər verir.

“Morgan Stanley”nin neft ticarəti üzrə qlobal bölməsinin həmsədri Brendan Rossun sözlərinə görə, bazar iştirakçıları daha qısamüddətli törəmə alətlərə fokuslanıb və üzərlərinə götürməyə hazır olduqları riskləri daha diqqətlə seçirlər.

“İnsanlar risklərə daha diqqətli və seçici yanaşmağa başlayıblar. Onlar həqiqətən nə istədiklərini və hansı risklərin gözlənilməz itkilərə səbəb ola biləcəyini müəyyənləşdiriblər”, – Ross çərşənbə günü Sinqapurda keçirilən Asiya-Sakit Okean Neft Konfransında deyib.

Rossun sözlərinə görə, bazar iştirakçıları arzuolunmaz riskləri azaltmaqla daha uzaq müddətli kontraktlarda likvidliyin xüsusilə nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olurlar. “Əsasən insanlar qarşıdakı üç-altı ay üzrə kontraktlarla ticarət aparırlar və uzunmüddətli kontraktlarda likvidliyin çatışmazlığı getdikcə daha da dərinləşir”, – o bildirib.

Neft bazarı ABŞ-İran münaqişəsinin gedişatına və Rusiya ilə Ukrayna arasında davam edən döyüşlərə kəskin reaksiya verir. Bunun fonunda Brent markalı neftin qiyməti bu il bir barel üçün 60-126 dollar arasında geniş diapazonda dəyişib. Neft məhsullarının qiymətlərində dalğalanma isə daha güclü olub.

İstehsal və ticarətdə yaranan fasilələr xüsusilə neft məhsulları bazarına ciddi təsir göstərərək qlobal təklifi azaldıb. Ötən həftə ABŞ-da dizel yanacağının pərakəndə qiymətləri rekord səviyyəyə çatıb. Avropada da avtomobil yanacağının qiymətləri qıtlıq fonunda kəskin bahalaşıb.

Rossun sözlərinə görə, fiziki tədarüklərlə maliyyə bazarındakı qiymət formalaşması arasındakı fərq hazırda ən çox məhz neft məhsulları bazarında nəzərə çarpır.

“Fiziki və maliyyə bazarları arasındakı uyğunsuzluqdan danışırıqsa, bu, ilk növbədə neft məhsullarında özünü göstərir”, – Ross qeyd edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər