Analitiklər və treyderlərə görə, qlobal emal sektorunda dizel yanacağı çatışmazlığı qarşıdakı aylarda tədarükü məhdudlaşdıracaq, qiymətləri yüksək saxlayacaq və tələbi azaldacaq.
Analitiklər buna səbəb kimi 6 aydan çox davam edən və regionda istehsalı çətinləşdirən Yaxın Şərqdəki müharibəni, eləcə də Ukraynanın Rusiya neft emalı zavodlarına dron hücumlarını göstərirlər.
Qlobal iqtisadiyyatın hərəkətverici qüvvəsi olan dizel yanacağı üzrə qiymətlər müharibənin başlanğıcından bəri xam neft qiymətlərini üstələyib. ICE dizel referans qiymətindəki artım “Brent” markalı xam neftin qiymətindəki artımdan iki dəfədən çoxdur. Neft qiymətlərinin nisbətən sabit qalmasına baxmayaraq, inflyasiya təzyiqi yaradıb. Bu gün “Brent”in qiyməti iyulun 24-dən bəri ilk dəfə 100 dolları ötüb. ABŞ-də pərakəndə dizel qiymətləri isə rekord səviyyələrə çataraq Rusiya-Ukrayna müharibəsi fonunda yaşanan enerji böhranı zamanı, 2022-ci ilin iyun ayında qeydə alınan 5,816 dollarlıq tarixi göstəricini yeniləyib.
Böyük dizel marjaları Rusiya və Yaxın Şərqdəki neft emalı zavodlarını mənfəət əldə etmək üçün çox çalışmağa təşviq edib. Lakin analitiklərin fikrincə, bu uğuru nə qədər davam etdirə biləcəkləri barədə vaxt azalır. Neft emalı avadanlıqları yüksək tutumda çox uzun müddət işlədildikdə nasazlıqlara qarşı getdikcə daha həssas olur. Bu, bufer ehtiyatlarının məhdud olduğu bir vaxtda fasilələrə səbəb olmaqla böhranı daha da ağırlaşdıra bilər.
Yaxın Şərqdəki münaqişə, eləcə də Rusiya-Ukrayna müharibəsi və qlobal inflyasiya səviyyəsinin yüksələcəyi ilə bağlı gözləntilər il ərzində yanacaq qiymətlərinin artmasına səbəb olub. Dizelin əsas təchizatçı olan Rusiya neft emalı zavodlarına hücumlardan sonra ixracı məhdudlaşdırıb. Nəticədə dizel yanacağının qiymətləri ikiqat artıb. Dizel 2026-cı il üçün Bloomberg Əmtəə İndeksində fyuçers müqavilələri üzrə ən yüksək göstəriciyə çatan məhsullar sırasında yer alıb.
“Vitol Group”un baş icraçı direktoru Rassel Hardiyə görə, Yaxın Şərq və Rusiyadakı əsas emal mərkəzlərindən itirilən yanacaq ixracı hazırda hər biri üçün gündəlik 2 milyon barel təşkil edir. Onun sözlərinə görə, digər bölgələrdəki neft emalı zavodları da artıq öz güc limitlərinə çatıb və istehlakçılar distillə edilmiş yanacaq ehtiyatlarına üz tuturlar ki, bu da onların həcminin azalmasına səbəb olur. Vurğulayıb ki, bu geriləmələrin qarşısını almaq üçün hələ də kifayət qədər emal gücü yoxdur.
“Kuwait Petroleum” şirkətinin baş icraçı direktoru Xalid Əhməd Əl-Sabah qlobal emal gücü barədə deyib: “İlin sonuna qədər dözə bilsək, bu, uğurlu olacaq. Hazırkı vəziyyət çox tezliklə müşahidə olunacaq böyük yanacaq çatışmazlığı riski yaradır. Düşünürəm ki, Şimal-Qərbi Avropada çox çətin bir qış gözlənilir. Bu, yalnız başlanğıcdır”.
ABŞ-nin dizel ixracı, xüsusən də idxaldan asılı olan Avropada çatışmazlığı aradan qaldırmağa kömək edib. Lakin, ABŞ-nin artan tədarüklərə baxmayaraq, istehsalını artırmadığı nəzərə alındıqda, bu proses uzun müddət davam etməyə bilər, çünki temperaturun düşməsi ilə bölgədə dizel istehlakının artacağı gözlənilir.
Birləşmiş Ştatlarda dizellə yanaşı, distillə edilmiş yanacaq ehtiyatları da ilin bu dövrü üçün ən aşağı səviyyədədir. Yayın sonu üçün dizel idxalı orta səviyyədən aşağıdır, ixrac isə yüksək olaraq qalır.
ABŞ Prezidenti Donald Tramp ABŞ isə ölkədəki neft emalı zavodlarında dizel və benzin istehsalının artırılmasını tapşırıb. Ağ Ev rəsmisinin sözlərinə görə, Tramp amerikalılar üçün benzin qiymətlərinin düşməsini istədiyini açıq şəkildə bildirib və rəsmilərdən tutumun necə artırıla biləcəyini soruşub.
ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” dizel bazarındakı gərginliyi vurğulayan banklar arasındadır. Banka görə, Yaxın Şərqdə və Rusiyada neft emalı zavodlarına edilən hücumların onsuz da gərgin olan qlobal bazarı daha da gərginləşdirir.







