İraq Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə istehsal kvotasının əhəmiyyətli dərəcədə artırılmasını tələb edir.
Mənbələrə görə, təşkilatın ikinci ən böyük neft istehsalçısı olan İraq gələcək hədəflərin gündəlik 6 milyon barel baza səviyyəsinə əsasən hesablanmasını istəyir. Bu da hazırkı səviyyə ilə müqayisədə əhəmiyyətli bir artımdır.
İraqın OPEC+ üzrə hasilat limiti sentyabr və oktyabr ayları üçün gündəlik 4,4 milyon bareldir. Beynəlxalq Enerji Agentliyi isə ölkənin ümumi dayanıqlı istehsal gücünü isə sutkada 4,9 milyon barel olaraq qiymətləndirir. Lakin İraqın hazırkı neft istehsalı xeyli aşağıdır, çünki ABŞ-İran münaqişəsi Hörmüz boğazından neft axınını məhdudlaşdırıb. “Bloomberg”ə görə, ölkə avqust ayında gündə orta hesabla 2,98 milyon barel neft hasil edib. İraq 2030-cu ilə qədər gündə təxminən 10 milyon barel istehsal səviyyəsinə çatmağı hədəfləyir.
OPEC və tərəfdaşları kvotaları reallığa daha uyğunlaşdırmaq məqsədilə xarici məsləhətçiyə müraciət edib. Prosesin bu ayın sonuna qədər başa çatacağı və kvotaların neft nazirləri tərəfindən noyabrın sonlarında keçiriləcək görüşdə təsdiqlənəcəyi gözlənilir. İraqın gündəlik 6 milyon barel səviyyəsindəki tələbinin qəbul edilib-edilməyəcəyi isə qeyri-müəyyən olaraq qalır.
İraq əvvəllər də təşkilatın daha yüksək istehsal kvotası verməyəcəyi təqdirdə OPEC-dən çıxmağı düşünüb.
Ekspertlərə görə, neft bazarının tarazlığı və üzvlərin təşkilatdan çıxma ehtimalını nəzərdən keçirməsi təzyiq altında olan OPEC-in birliyi üçün böyük əhəmiyyət kəsb edir.
Xatırladaq ki, Birləşmiş Ərəb Əmirlikləri Səudiyyə Ərəbistanı ilə istehsal məhdudiyyətlərinə dair illərlə davam edən gərginlikdən sonra mayın 1-dən etibarən OPEC-ə üzvlükdən və OPEC+ koalisiyasından çıxıb. 1960-cı il sentyabrın 14-də neft hasil edən ölkələrin təchizat siyasətini əlaqələndirmək üçün qurulan OPEC-in hazırda 11 üzvü var: Əlcəzair, Konqo, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı və Venesuela.
OPEC ölkələri qlobal neft ehtiyatlarının təxminən 80 faizinə sahibdirlər və qlobal miqyasda xam neft istehsalının təxminən 38 faizini həyata keçirir. OPEC-in qlobal neft ixracındakı payı isə 50 faizdən çoxdur.







