Dollar bolluğu artır — Xarici ticarətdə $10,3 milyard profisit yaranıb

Azərbaycanın xarici ticarət dövriyyəsi 2026-cı ilin yanvar-iyul aylarında 30 milyard 17,4 milyon ABŞ dolları təşkil edib. Banker.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, bu dövrdə 10 milyard 256 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Hesabat dövründə Azərbaycan 173 ölkə ilə ticarət əməliyyatları aparıb. Onlardan 121 ölkəyə məhsul ixrac edilib, 160 ölkədən isə məhsul idxal olunub.

2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi nominal ifadədə 6,9% artsa da, real ifadədə 15,1% azalıb. Bu, ticarət dövriyyəsindəki nominal artımın əsasən qiymət amili ilə bağlı olduğunu göstərir.

Xarici ticarətdə yaranan profisit ölkənin valyuta bazarında dollar təklifinin artmasına təsir edən əsas amillərdən biri olaraq qalır. 2026-cı ilin ilk 7 ayında banklar əhalidən 1 milyard 115 milyon dollar nağd xarici valyuta alıb, satış isə 669,4 milyon dollar təşkil edib. Beləliklə, alışın satışdan üstünlüyü 445,6 milyon dollara çatıb. Ötən ilin eyni dövründə bu fərq cəmi 21,1 milyon dollar olmuşdu.

Valyuta təklifindəki artım manatın məzənnəsi üzərində möhkəmlənmə təzyiqini də gücləndirib. Azərbaycan Mərkəzi Bankı iyulun sonunda faiz dəhlizi ilə bağlı qərarında valyuta bazarında təklifin tələbi əhəmiyyətli dərəcədə üstələdiyini bildirib. Bank qeyd edib ki, bu amil inflyasiya təzyiqlərinə baxmayaraq, yumşaq pul siyasətini dəstəkləyən amillərdən biri olub.

Artan valyuta təklifi fonunda Mərkəzi Bank bazarda alışyönlü müdaxilələr həyata keçirib. Bunun nəticəsində AMB-nin xarici valyuta ehtiyatları ilin əvvəlindən sürətlə artıb. İyulun sonunda ehtiyatlar 13 milyard 768 milyon dollara çatıb. Avqustda isə ehtiyatlar daha 1 milyard 533,4 milyon dollar artaraq 31 avquz tarixində 15 milyard 301 milyon dollara yüksəlib və tarixdə ilk dəfə 15.3 milyard dollar həddini keçib.

AMB avqust ayında valyuta bazarında 1,5 milyard dollar məbləğində alışyönlü müdaxilə həyata keçirildiyini açıqlayıb. Bank bunu tədiyə balansının cari əməliyyatlar hesabında profisitin və maliyyə sektorunda dedollarlaşmanın davam etməsi fonunda valyuta təklifinin tələbi üstələməsi ilə əlaqələndirib.

Beləliklə, ilin ilk 7 ayında 10 milyard dollardan çox ticarət profisiti, əhalinin banklara təqdim etdiyi xarici valyutanın artması və AMB-nin bazardan valyuta alışları ölkənin valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə genişlənməsi ilə müşayiət olunub. Dövlət Neft Fondu ilə birlikdə hesablanan strateji valyuta ehtiyatları isə avqustun əvvəlində 86 milyard 814,9 milyon dollar təşkil edib.

Azərbaycanın strateji valyuta ehtiyatları sentyabrın 1-nə 90 milyard 769,7 milyon dollar təşkil edib. Bu, illik 15,7%, yanvar-iyul aylarına nisbətən isə 12,2% artım deməkdir. Avqustun əvvəlində ehtiyatlar 86 milyard 814,9 milyon dollar olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər