İnflyasiya düşdü, amma Mərkəzi Bankın əsas işi qabaqdadır

Azərbaycanda illik inflyasiya avqust ayında 5,7%-ə düşüb. Banker.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2026-cı ilin avqustunda istehlak qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 5,7% artıb. İyul ayında illik inflyasiya 5,8% təşkil etmişdi. Beləliklə, illik inflyasiya bir ay ərzində 0,1 faiz bəndi zəifləyib.

2026-cı ilin yanvar-avqust aylarında isə istehlak qiymətləri və ya orta illik inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% artıb. Bu dövrdə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər 6,9%, qeyri-qida məhsulları üzrə 3,7%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 5,6% yüksəlib.

Avqust ayında illik inflyasiyanın əsas komponentlərindən qida məhsulları üzrə qiymətlər 7,2% artıb. İyulda bu göstərici 7,3% idi. Qeyri-qida məhsullarında illik qiymət artımı 3,7% səviyyəsində qalıb, ödənişli xidmətlər üzrə illik inflyasiya isə iyuldakı 5,4%-dən 5%-ə enib.

Mərkəzi Bankın yenilənmiş iyul proqnozuna görə, 2026-cı ilin sonu üzrə illik inflyasiya 6,1% gözlənilir. Bu göstərici may proqnozunda 5,9% idi. 2027-ci ilin sonu üzrə inflyasiya proqnozu da 4,5%-dən 5,8%-ə yüksəldilib. AMB ilk dəfə 12 ay sonrakı dövr üzrə də proqnoz açıqlayıb və 2027-ci ilin iyununda illik inflyasiyanın 6% olacağını gözləyir.

Mərkəzi Bank inflyasiya proqnozunun yuxarı istiqamətdə yenilənməsini əsasən birbaşa və dolayı xarici mənşəli xərc amillərinin təsirlərinin güclənməsi ilə izah edir. Qurumun qiymətləndirməsinə görə, bu təsirlər ortamüddətli dövrdə qalıcı xarakter daşımayacaq. AMB illik inflyasiyanın hələ də 2%-6%-lik hədəf intervalında olduğunu və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət etdiyini bildirir.

Qlobal geosiyasi mühitdə enerji və ərzaq qiymətlərinin yüksəlməsi, həmçinin ticarət tərəfdaşlarından inflyasiyanın idxalının genişlənməsi Mərkəzi Bankın əsas riskləri sırasında göstərilir. Eyni zamanda, qurum mövcud fiskal və pul siyasəti fonunda daxili tələbin ciddi inflyasiya təzyiqi yaratması ehtimalını yüksək qiymətləndirmir.

Valyuta bazarında təklifin tələbi əhəmiyyətli dərəcədə üstələməsi Mərkəzi Bankın alışyönlü müdaxilələrinə şərait yaradıb. AMB-nin məlumatına görə, 2026-cı ilin avqust ayında valyuta bazarına 1,5 mlrd. ABŞ dolları məbləğində alışyönlü müdaxilə həyata keçirilib. Bunun fonunda Mərkəzi Bankın xarici valyuta ehtiyatları avqust ayında 1,53 mlrd. dollar və ya 11,14% artaraq 15,3 mlrd. dollara yüksəlib və tarixində ilk dəfə 15.3 mlrd. dollar həddini keçib.

Mərkəzi Bank faiz dəhlizinin bütün parametrlərini dəyişməz saxlayıb. Sonuncu dəfə cari ilin ilk iclasında faiz dərəcəsini 25 baza bəndi azaldaraq 6.5%-ə endirməsi olub. Sonrakı 4 iclasda ehtyatlı möve seçib. Qurum qərar qəbul edilərkən inflyasiya ilə yanaşı, valyuta bazarındakı proseslərin və bank sistemində likvidliyin də nəzərə alındığını bildirib. Sektorun struktur likvidlik profisiti iyunun sonunda 6 mlrd. manata çatıb ki, bu da 2025-ci ilin dekabrı ilə müqayisədə 2,1 dəfə çoxdur.

Mərkəzi Bankın növbəti faiz dəhlizi qərarı sentyabrın 23-də açıqlanacaq. Qurum növbəti qərarlarda inflyasiya proqnozunun, valyuta bazarının və bank sektorunda likvidliyin dinamikasının nəzərə alınacağını bildirib. AMB rəhbərliyinin faizlərlə bağlı qərar verməsi üçün bu il daha üç iclası qalıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər