Borcları yığan şirkətdə gələn həftə yeni səhmdarlar bəlli olacaq

“KollektA” ASC səhmlərini Bakı Fond Birjasında (BFB) yerləşdirəcək. BFB-nin Listinq Komitəsinin 10 sentyabr 2026-cı il tarixli qərarı ilə şirkətin səhmlərinin ticarətə buraxılmasına icazə verilib. Banker.az xəbər verir ki, səhmlərə abunə yazılışı 14 sentyabrda başlayıb 18 sentyabrda başa çatacaq, yerləşdirmə isə 21 sentyabrda keçiriləcək.

Emissiya çərçivəsində hər birinin ilkin ticarət qiyməti 410 manat olan 500 ədəd sənədsiz adlı, adi səhm buraxılır. Beləliklə, emissiyanın ümumi həcmi 205 min manat təşkil edir. Səhmlərin yerləşdirilməsində anderrayter qismində “Troni İnvestisiya Şirkəti” QSC çıxış edir.

Şirkətin nizamnamə kapitalının 4 100 manatdan 205 min manat artırılaraq 209 100 manata çatdırılması planlaşdırılır. “KollektA”nın səhmdarları Mədəd Rüstəmov və Camal Aydınovun hər birinin 40%, Rəşad Səlimovun isə 20% payı var.

Borcların idarə olunması sektorunda fəaliyyət göstərən “KollektA” 2024-cü ilin oktyabrında təsis edilib və 2026-cı ilin mayında MMC-dən ASC-yə çevrilib. Şirkətin əsas fəaliyyəti banklar və digər maliyyə institutlarından tələb hüquqlarının, o cümlədən POCI aktivlərinin alınması və həmin borcların yığılmasından ibarətdir.

Şirkətin aktivləri 2024-cü ilin sonunda 260,8 min manatdan 2025-ci ilin sonunda 9,66 milyon manata yüksəlib. “KollektA” 2025-ci ili 2,91 milyon manat xalis mənfəətlə başa vurub, cəmi kapitalı isə 8,5 min manatdan 2,92 milyon manata çatıb. Həmin il şirkət 5,13 milyon manatlıq yeni problemli kredit portfeli əldə edib və borcların yığılması nəticəsində 7,38 milyon manat vəsait toplayıb. 2025-ci ilin maliyyə hesabatları “Nexia Azerbaijan” tərəfindən audit edilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər