Dövlət müəssisələrində rəqabət prinsipləri gücləndiriləcək – Yeni plan təsdiqləndi

Prezident İlham Əliyev “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nı təsdiqləyib.

Banker.az xəbər verir ki, sənəd azad rəqabət mühitinin gücləndirilməsi, inhisarçılıq fəaliyyətinin qarşısının alınması, biznes və investisiya imkanlarının genişləndirilməsi məqsədi daşıyır.

Plana əsasən, 2027–2028-ci illərdə bazar iştirakçılarının fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə iqtisadi, texniki və inzibati tənzimləmələr, o cümlədən lisenziya və icazə prosedurları təhlil ediləcək. Təhlilin nəticələrinə uyğun olaraq onların təkmilləşdirilməsinə dair təkliflər hazırlanacaq.

Sənəddə dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallıq prinsiplərinin tətbiqinin təkmilləşdirilməsi də nəzərdə tutulur. Bu istiqamətdə 2027–2028-ci illərdə müvafiq göstəricilər və meyarlar müəyyən ediləcək, dövlət müəssisələrində rəqabətli neytrallıq prinsiplərinin tətbiqi vəziyyəti təhlil olunacaq. Nəzarət zərfi dövlətə məxsus banklar bu tədbirin əhatə dairəsinə daxil edilməyib.

2028–2029-cu illərdə isə xüsusi tənzimləmə tətbiq olunan infrastruktur və xidmət sahələrinin, habelə dövlətin müstəsna iştirakının mövcud olduğu məhsul və xidmət bazarlarının rəqabətli bazar modelinə mərhələli keçidi mexanizminin formalaşdırılması nəzərdə tutulur.

Bu məqsədlə rəqabətli bazar modelinə mərhələli keçid potensialı olan sahələr müəyyən ediləcək, beynəlxalq təcrübə və milli iqtisadiyyatın xüsusiyyətləri təhlil olunacaq, keçid imkanları qiymətləndiriləcək. Zərurət yarandıqda xüsusi tənzimləmə tətbiq olunan subyektlər və fəaliyyət istiqamətləri üzrə mövcud siyahılara dəyişiklik layihələri hazırlanacaq.

Milli Fəaliyyət Planında, həmçinin 2027–2029-cu illərdə ölkə və regionlar üzrə rəqabətin inkişaf səviyyəsini qiymətləndirməyə imkan verən göstəricilər sisteminin yaradılması və bunun əsasında rəqabət xəritəsinin hazırlanması nəzərdə tutulur.

Bundan başqa, rəqabət mühitinin diaqnostikası üzrə yeni metodologiya hazırlanacaq, rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq, ali təhsil proqramlarına rəqabət sahəsində müvafiq mövzuların inteqrasiyası həyata keçiriləcək.

Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi əlaqələndirəcək və icra vəziyyəti barədə ildə bir dəfə Prezidentə məlumat verəcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər