Bank olmayan kredit təşkilatlarında (BOKT) gündəlik kredit borcunu restrukturizasiya edən müştəridən əlavə ödəniş tələb olunmayacaq.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov bildirib.
Onun sözlərinə görə, gündəlik kreditlərlə bağlı yeni yanaşma sektorda baş verən proseslər və neqativ halların qarşısının alınması məqsədilə tətbiq olunur.
X. İsmayılov qeyd edib ki, gündəlik kreditlərin yuxarı həddi 500 manat, gündəlik faiz dərəcəsi 0,3%, kreditin maksimal qaytarılma müddəti isə 45 gün müəyyən edilib.
“Əsas məqsədimiz istehlakçıların izafi borclanmasının qarşısını almaq və onların hüquqlarını qorumaqdır. Müştərinin bütün ödənişlər üzrə əlavə xərci götürdüyü kreditin məbləğinin 100%-indən çox olmamalıdır. Məsələn, şəxs 100 manat kredit götürübsə, onun əlavə xərci 100 manatdan artıq ola bilməz”, – deyə AMB rəsmisi bildirib.
O əlavə edib ki, gündəlik kreditlər üzrə daşınar və daşınmaz əmlakın təminat kimi götürülməsi qadağandır.
X. İsmayılovun sözlərinə görə, əvvəllər gündəlik kreditlərin restrukturizasiyasına da məhdudiyyət tətbiq olunurdu. Lakin istehlakçıların gecikmiş borcları nəzərə alınaraq bu qayda dəyişdirilib.
Yeni qaydaya əsasən, müştəri kredit borcunun 20%-ni ödəməklə qalan borcunu növbəti 45 gün müddətinə restrukturizasiya edə biləcək.
“Restrukturizasiya həyata keçirilsə belə, müştərinin ödəyəcəyi ümumi əlavə xərc kredit məbləğinin 100%-i həddini keçməməlidir. Müştəridən əlavə xərc tələb edilməməlidir. Burada əsas fokusumuz vətəndaş, yəni borcalandır”, – deyə o vurğulayıb.







