İdxal inflyasiyası son ayda düşüb, lakin hələ də yüksəkdir

Azərbaycana idxal olunan malların qiymətləri 2026-cı ilin yanvar–iyulunda ötən ilin eyni dövrü ilə müqayisədə 27,3% artıb. Banker.az xəbər verir ki, idxal inflyasiyası 28% olmuşdu. Ümumi göstərici bir qədər zəifləsə də, iyulun statistikaya daxil olması ilə alüminium, tütün, üzvi kimyəvi birləşmələr, gübrələr və bəzi ərzaq məhsullarında bahalaşma güclənib.

Alüminium və ondan hazırlanan məmulatların idxal qiymətləri yanvar–iyulda illik 43,6% bahalaşıb. İyunda artım 41,2% idi. 2025-ci ilin eyni dövründə isə bahalaşma 27,0% təşkil etmişdi.

Tütün və nikotin əsaslı məhsullarda illik idxal inflyasiyası 19,1%-ə çatıb. İyunda qiymətlər 17% bahalaşmışdı. Müqayisə üçün, 2025-ci ilin yanvar–iyulunda bu məhsullar 8,8% ucuzlaşmışdı.

Üzvi kimyəvi birləşmələrin idxal qiymətləri 19,8% artıb. Altı aylıq dövrdə bahalaşma 17,8%, ötən ilin eyni dövründə isə 9,7% olmuşdu.

Heyvanlar üçün hazır yem və qida sənayesi qalıqlarında idxal qiymətləri illik 12,4% yüksəlib. Yanvar–iyunda artım 10,8% idi. 2025-ci ilin yanvar–iyulunda isə bu qrupda 3,5% ucuzlaşma qeydə alınmışdı.

Ət və əlavə ət məhsullarında bahalaşma 16,5%, plastmaslarda 21,6%, keramika məmulatlarında 27,6%, gübrələrdə isə 21,3% olub.

Daha geniş məhsul qruplarında maşın və elektrotexniki avadanlıqlar 42,8%, kimya sənayesi məhsulları 35,2%, müxtəlif sənaye malları 38,9%, qiymətsiz metallar isə 23,2% bahalaşıb.

Ölkə daxilində illik istehlak inflyasiyası iyulda 5,8%, avqustda 5,7% təşkil edib.

Azərbaycan Mərkəzi Bankı 2026-cı ildə idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsini əsas xarici risklərdən biri kimi göstərib. Sədr Taleh Kazımov da xarici qiymət təzyiqlərinə dəfələrlə toxunaraq iyulda “inflyasiyanı əsasən idxal edirik” bildirib.

AMB sədri ötən ilin aprelində bildirmişdi ki, idxaldakı qiymət artımının inflyasiyaya 3,36 faiz bəndi artırıcı, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsinin isə 0,52 faiz bəndi azaldıcı təsir göstərdiyini bildirib.

Son 31 iyul 2026-ci il tarixdəki mətbuat konfransında ticarət tərəfdaşlarındakı inflyasiyanı qiymət artımının əsas amillərindən, nominal effektiv məzənnəni isə əsas azaldıcı amillərdən biri kimi göstərib. Eyni tarixli AMB qərarında 2026-cı il inflyasiya proqnozunun xarici mənşəli xərc amillərinə görə 6,1%-ə qaldırıldığı açıqlanıb.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər