Azərbaycanda 2026-cı il sentyabrın 1-nə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında 247,7 min nəfər işsiz qeydiyyatda olub. Bu, ötən ilin eyni tarixindəki 237 min nəfərlə müqayisədə 10,7 min nəfər və ya 4,5% çoxdur. Qeydiyyatda olan işsizlərin 53,1%-ni qadınlar təşkil edib. Bir il əvvəl bu göstərici 50,1% idi.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sentyabrın 1-nə ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 434,7 min nəfər, məşğul əhalinin sayı isə 5 milyon 154,3 min nəfər olub. Ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 5 milyon 365,3 min və 5 milyon 84,8 min nəfər təşkil etmişdi. Beləliklə, məşğul əhalinin sayı illik müqayisədə 69,5 min nəfər və ya 1,4% artıb.
Avqustun 1-nə muzdla çalışan işçilərin sayı 1 milyon 781,1 min nəfərə çatıb ki, bu da illik müqayisədə 12,7 min nəfər və ya 0,7% artım deməkdir. Dövlət sektorunda muzdlu işçilərin sayı 2,5% azalaraq 836,9 min nəfərə düşüb, qeyri-dövlət sektorunda isə 3,7% artaraq 944,2 min nəfərə yüksəlib.
Qeyri-neft-qaz sektorunda muzdla çalışanların sayı 1 milyon 750,6 min nəfər olub və illik müqayisədə 0,8% artıb. Neft-qaz sektorunda çalışanların sayı isə 2,2% azalaraq 30,5 min nəfərə enib.
İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği də bir ildə 9,6% artaraq 436,7 manatdan 478,7 manata yüksəlib.







