Azərbaycanda 2026-cı ilin yanvar-avqust aylarında istehlak bazarında satılmış malların və göstərilmiş xidmətlərin ümumi dəyəri 56,84 milyard manat təşkil edib və əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 4,7% artıb. Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 691,7 manat xərcləyib. Bu, bir il əvvəllə müqayisədə 63,3 manat və ya 10,1% çoxdur.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istehlak bazarının 77,8%-ni pərakəndə ticarət, 18,6%-ni əhaliyə göstərilən ödənişli xidmətlər, 3,6%-ni isə ictimai iaşə təşkil edib. Pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,9% artaraq 44,26 milyard manata çatıb. Bunun 24,09 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 20,17 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
Adambaşına orta aylıq pərakəndə ticarət xərci 538,6 manat olub. Ötən ilin eyni dövründə bu göstərici 493,6 manat idi. Beləliklə, nominal artım 9,1% təşkil edib. Bir sakin ay ərzində orta hesabla 293,1 manatını ərzaq, içki və tütünə, 245,5 manatını isə qeyri-ərzaq mallarına xərcləyib.
Eyni dövrdə əhalinin nominal gəlirləri 9,4% artaraq 63,51 milyard manata yüksəlib. Adambaşına orta aylıq nominal gəlir 708,9 manatdan 773 manata, sərəncamda qalan gəlir isə 626,5 manatdan 683,1 manata çatıb. Hər iki adambaşına göstəricidə nominal artım təxminən 9% olub.
Beləliklə, adambaşına istehlak xərclərinin nominal artımı 10,1%, adambaşına nominal gəlirlərin artımı isə 9% olub. Bu göstəricilərin müqayisəsi istehlak xərclərinin gəlirlərdən təxminən 1 faiz bəndi daha sürətli artmış olub.
Bu proses qiymət artımları fonunda baş verib. 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda orta illik inflyasiya 5,7% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün üzrə qiymətlər 6,9%, qeyri-ərzaq malları üzrə 3,7%, ödənişli xidmətlər üzrə isə 5,6% artıb.
Avqust ayında da illik inflyasiya 5,7% olub, aylıq qiymət artımı isə 0,2% təşkil edib.
DSK-nin rəqəmlərinə görə, nominal gəlirlərin artım tempi inflyasiyanı 3,7 faiz bəndi üstələyib, lakin istehlak xərclərinin artım tempi gəlirlərin artımından bir qədər yüksək qalıb.







