Çindən Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi 2026-cı ilin ilk yarısında illik müqayisədə 14% artaraq 15,5 milyon dollara çatıb. Ötən ilin eyni dövründə bu göstərici 13,6 milyon dollar olmuşdu.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, Çinin Azərbaycanın ümumi birbaşa xarici investisiyalarındakı payı 0,4% səviyyəsində qalıb.
Çin kapitalının Azərbaycanda ən nəzərəçarpan yeni istiqamətlərindən biri avtomobil sənayesidir. “BYD Company Limited” Sumqayıt Sənaye Parkında “Azerbaijan Energy Automotive Factory” layihəsində iştirak edir. Elektrik avtobuslarının istehsalı müəssisəsinin investisiya dəyəri 29 milyon manatdan çoxdur və illik istehsal gücü 500 avtobus nəzərdə tutulub. Müəssisə 2025-ci ildə istehsala başlayıb. Layihənin Azərbaycan tərəfdaşları “SARDA Group” və Azərbaycan Biznesinin İnkişafı Fondudur.
BYD Azərbaycanda fəaliyyətini daha da genişləndirməyi planlaşdırır. Elektrik minik avtomobilləri, yüngül yük və kommunal nəqliyyat vasitələrinin istehsalı, daha sonra isə batareyaların yığılması layihələri üçün əlavə təxminən 60 milyon dollar investisiya nəzərdə tutulur.
Digər iri Çin investoru “Universal International Holdings Limited” – “Universal Energy” qrupudur. Şirkətin törəmə strukturu “Universal Solar Azerbaijan” Qaradağda 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasını inşa edib. Layihəyə investisiya təxminən 51 milyon dollar qiymətləndirilir. Tikinti 2025–2026-cı illərdə aparılıb və stansiya 16 sentyabr 2026-cı ildə istifadəyə verilib.
Çinin Azərbaycandakı daha əvvəl formalaşmış iri sənaye investisiyalarından biri “Azerbaijan Vanhong Ceramics”dir. Tamamilə Çin investorlarına məxsus keramika plitələri zavoduna 50 milyon dollar sərmayə yatırılıb. Müəssisənin illik istehsal gücü 18 milyon kvadratmetrdir.
Ağdam Sənaye Parkında isə Azərbaycan–Çin birgə müəssisəsi “Fujiai Azerbaijan” 3,7 milyon manatlıq lift istehsalı layihəsi həyata keçirir. Zavodun illik 1 200 lift istehsal etməsi, növbəti mərhələdə eskalator istehsalına keçməsi planlaşdırılır.
Bununla yanaşı, “China Datang”, “PowerChina Resources” və “China Energy” ilə günəş və dəniz külək enerjisi üzrə iri layihələr hazırlanır.







