Azərbaycanda 2026-cı ilin avqustunda sənaye məhsullarının istehsalçı qiymətləri ötən ilin eyni ayına nisbətən 28,8%, istehlak qiymətləri isə 5,7% artıb. İstehsalçı qiymətlərindəki yüksəliş əsasən neft-qaz sektorunun hesabına baş verib. Qeyri neft-qaz sənayesində qiymət artımı daha aşağı — 8,1% olub.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, avqustda neft-qaz sənayesində istehsalçı qiymətləri illik 34,2% yüksəlib. Aylıq müqayisədə isə sənaye məhsullarının istehsalçı qiymətləri 7,4% artıb. Neft-qaz sektorunda aylıq artım 10% olduğu halda, qeyri-neft-qaz sənayesində istehsalçı qiymətləri 0,6% azalıb.
Yanvar-avqust dövründə sənaye məhsullarının istehsalçı qiymətləri ötən ilin eyni dövrünə nisbətən 21,6% artıb. Neft-qaz sənayesində artım 25,8%, qeyri-neft-qaz sənayesində isə 7,3% təşkil edib. Eyni dövrdə istehlak qiymətləri 5,7% yüksəlib.
İstehsalçı qiymətləri indeksi nəyi göstərir? Sadə dildə desək, bu göstərici məhsul mağazaya çatmamışdan əvvəl onun zavod və ya istehsalçı səviyyəsində nə qədər bahalaşdığını və ya ucuzlaşdığını göstərir. Məsələn, istehsalçı sementi, ərzağı və ya başqa məhsulu daha baha satmağa başlayırsa, müəyyən müddətdən sonra bu artımın topdan və pərakəndə qiymətlərə keçməsi mümkündür. Buna görə istehsalçı qiymətləri istehlakçıların gələcəkdə üzləşə biləcəyi qiymət təzyiqini göstərən vacib göstəricilərdən biri hesab olunur. Lakin istehsalçı qiymətlərindəki artım mağaza qiymətlərinə eyni həcmdə və dərhal keçmir (məsələn bizim ölkəmizdə bu məsələni təsirini vurğulamaq olar).
Sənaye üzrə istehsalçı qiymətlərinin 28,8% artmasına baxmayaraq, bunun böyük hissəsi neft-qaz sektorundakı 34,2%-lik bahalaşma ilə bağlıdır. Daxili istehlak bazarına daha yaxın olan qeyri-neft-qaz sənayesində istehsalçı qiymətlərinin illik artımı 8,1% olub. İstehlak inflyasiyası isə 5,7% təşkil edib.
Müqayisə üçün, 2026-ci ilin iyulunda istehsalçı qiymətləri illik 18.7% təşkil edirdi. Burada əsas tətikləyici amil neft-qaz olaraq 20.2% olsa da, qeyri-neft 9% olmuşdu. Beləliklə son bir ayda ölkənin istehlak qiymətlərinə təsir edən əsas indeks 0.9 faiz bəndi azalıb.
Azərbaycan Mərkəzi Bankı da inflyasiya risklərini qiymətləndirərkən istehsal və idxal xərclərinin daxili qiymətlərə ötürülməsini əsas amillərdən biri kimi izləyir. Bank apreldə bildirmişdi ki, inflyasiya əsasən xarici mənşəli xərc amillərinin təsiri altında formalaşır. Enerji qiymətlərinin və logistika xərclərinin artması, eləcə də ticarət tərəfdaşlarında inflyasiyanın yüksəlməsi daxili qiymətlər üçün risk hesab olunur.
Mərkəzi Bank iyulun 31-də də inflyasiya proqnozunun yuxarı istiqamətdə dəyişdirilməsini əsasən birbaşa və dolayı xarici mənşəli xərc amillərinin fəallaşması ilə izah edib. Bank enerji və ərzaq qiymətlərinin yüksəlməsi, həmçinin ticarət tərəfdaşlarından inflyasiya idxalının genişlənməsi riskinin yüksək qaldığını bildirib.
AMB-nin baza ssenarisinə görə, 2026-cı ilin sonunda illik inflyasiyanın 6,1%, 2027-ci ilin iyununda 6%, 2027-ci ilin sonunda isə 5,8% olacağı gözlənilir.









