Tramp yeni “süni intellekt kuratoru” təyin etməyi planlaşdırır

ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yeni süni intellekt üzrə müşavir, başqa sözlə, “süni intellekt kuratoru” təyin etməyi və “süni intellekt qüvvələri” yaratmağı planlaşdırdığını bildirib. Reuters yazır ki, Tramp təşəbbüslərin heç biri barədə əlavə təfərrüat açıqlamayıb və onların necə həyata keçiriləcəyini dəqiqləşdirməyib.

Vaşinqtonda qanunvericilər arasında süni intellekt texnologiyalarının insanlar və əmlak üçün yarada biləcəyi risklərlə bağlı narahatlıq artır. Bu ayın əvvəlində Anthropic-in keçmiş tədqiqatçısı Ceykob Kokson bildirmişdi ki, “süni intellekti yaradan insanlar səmimi şəkildə inanırlar ki, bu texnologiya onilliyin sonuna qədər hamımızı məhv edə bilər”.

Tramp isə əvvəllər süni intellektlə bağlı narahatlıqları dəfələrlə kiçildib və bu sahədə əlavə tənzimləməyə ehtiyac olmadığını bildirib.

“Biz bu inanılmaz sənayenin inkişafına heç bir şəkildə mane olmayacağıq və ya onu ləngitməyəcəyik. Əksinə, böyüdükcə onu hər cür dəstəkləyəcək və qoruyacağıq. Bununla yanaşı, sui-istifadə hallarını da aşkarlayacağıq və bunu mövcud cinayət və mülki hüquq mexanizmləri vasitəsilə etmək bizim üçün heç də çətin olmayacaq”, – Tramp Truth Social sosial şəbəkəsində yazıb.

Əgər Tramp bu vədini həyata keçirsə, bu, onun administrasiyasında süni intellekt sahəsinə cavabdeh ikinci kurator olacaq.

Daha əvvəl bu vəzifəni vençur investoru Devid Saks tuturdu. O, yazda vəzifəsindən ayrılaraq xarici müşavir statusuna keçib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər