Azərbaycanın xaricə satdığı bu məhsul kəskin bahalaşır – Çatışmazlıq proqnozlaşdırılır

ABŞ-da reaktiv mühərriklər üçün kerosin yanacağının qiyməti ABŞ-İran müharibəsinin başlanmasından sonra qeydə alınan maksimumlara yenidən yaxınlaşıb. Banker.az xəbər verir ki, qlobal təklifin məhdudlaşması Azərbaycan kimi neft emalı məhsulları istehsal edən ölkələr üçün ixrac gəlirlərini artırmaq imkanı yarada bilər.

“Bloomberg”in məlumatına görə, ABŞ-da əsas qiymət indikatoru hesab edilən Meksika körfəzi sahillərində aviasiya kerosininin qiyməti bir qallon üçün 4,55 dollara, Nyu-Yorkda isə 4,75 dollara çatıb. ABŞ-da istehsal martın əvvəlindən bəri ən aşağı səviyyəyə düşüb, ehtiyatlar isə mövsümi normalara yaxınlaşır. Dizel və aviasiya kerosini eyni orta distillat qrupuna daxil olduğundan dizel istehsalının artırılması aviasiya yanacağının təklifini də məhdudlaşdıra bilər.

Bahalaşmanın əsas səbəbi təkcə aviasiya yanacağında deyil, ümumilikdə orta distillatlar bazarında yaranan təklif problemidir. Dizel və aviasiya kerosini eyni neft emalı qrupuna daxil olduğundan zavodların daha çox dizel istehsal etməsi müəyyən hallarda aviasiya kerosini istehsalının azalması hesabına baş verir.

“Bloomberg” bildirir ki, ABŞ-da aviasiya kerosini istehsalı son həftədə martın əvvəlindən bəri ən aşağı səviyyəyə enib. Ehtiyatlar hələ yüksək olsa da, mövsümi normalara yaxınlaşır. Bu isə təklifdə əlavə problem yaranacağı halda qiymətlərin yenidən yüksəlməsi riskini saxlayır.

Müharibənin ilk aylarında Yaxın Şərq və Asiyadan tədarükün azalması aviasiya kerosinini qlobal neft məhsulları bazarında ən çox təzyiq altında qalan məhsullardan birinə çevirmişdi. Yanacağın saxlanılması üçün digər neft məhsulları ilə müqayisədə daha məhdud infrastrukturun olması problemi daha da ağırlaşdırmışdı. Yay aylarında ABŞ zavodlarının hasilatı artırması bazardakı gərginliyi müvəqqəti yumşaltmışdı.

Hazırda problem Avropada da hiss olunur. “Reuters”in məlumatına görə, Yaxın Şərqdən tədarükün pozulması fonunda Avropanın 2026-cı ilin dördüncü rübündə aviasiya kerosini üzrə gündəlik 510 min barel həcmində çatışmazlıqla üzləşəcəyi proqnozlaşdırılır. Amsterdam-Rotterdam-Antverpen mərkəzində aviasiya kerosini ehtiyatları yeddi ilin minimumuna düşüb.

2026-cı ilin ilk yeddi ayında Azərbaycan 46,07 min ton aviasiya kerosini idxal edib və buna 49,35 milyon dollar xərcləyib. Ötən ilin eyni dövründə idxal 16,36 min ton və 14,29 milyon dollar olmuşdu. İdxalın orta qiyməti bir ton üçün 873,5 dollardan 1 071,2 dollara, yəni 22,6% yüksəlib.

Eyni dövrdə Azərbaycan 65,85 min ton aviasiya kerosini ixrac edərək 66,23 milyon dollar gəlir əldə edib. 2025-ci ilin ilk yeddi ayında ixrac cəmi 1,17 min ton və 905 min dollar idi. İxracın orta qiyməti bir ton üçün 772,8 dollardan 1 005,8 dollara yüksəlib ki, bu da 30,1% artım deməkdir.

Beləliklə, Azərbaycan ötən ilin ilk yeddi ayında bu məhsul üzrə xalis idxalçı olduğu halda, 2026-cı ildə xalis ixracatçıya çevrilib. İxrac idxalı fiziki ifadədə 19,77 min ton, dəyər ifadəsində isə 16,87 milyon dollar üstələyib.

İstehsal əslində Azərbaycanda əvvəlki ildən aşağıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 261,67 min ton aviasiya üçün ağ neft istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,5% azdır. Hesabat dövründə 266,59 min ton məhsul göndərilib, iyulun 1-nə ehtiyat 21,62 min ton olub.

Qlobal bazarda aviasiya kerosininin bahalaşması Azərbaycanın ixrac etdiyi məhsuldan daha yüksək valyuta gəliri əldə etməsinə şərait yarada bilər. Təkcə bu il Azərbaycana bu yanacağın 30% bahalşmasına görə bir tonunda 233 ABŞ dolları əlavə gəlir daxil olur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər