Azərbaycanda qızıl, mis və gümüş hasil edən Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti 2026-cı ilin ilk yarısında xalis mənfəətini illik müqayisədə 9,9 dəfə artıraraq 46,1 milyon dollara çatdırıb. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 4,7 milyon dollar olmuşdu. Gəlirlər isə 40,9 milyon dollardan 141,2 milyon dollara yüksəlib və 244,9% artıb.
Banker.az “Anglo Asian Mining”in açıqladığı yarımillik maliyyə hesabatına istinadən xəbər verir ki, şirkətin vergidən əvvəlki mənfəəti 7,1 milyon dollardan 68,5 milyon dollara yüksələrək 9,6 dəfə artıb. Ümumi mənfəət 13,8 milyon dollardan 78 milyon dollara çatıb və 4,6 dəfə yüksəlib. Bununla ümumi mənfəət marjası bir il əvvəlki 33,8%-dən 55,3%-ə yüksəlib.
Əməliyyat fəaliyyətindən əldə edilən xalis pul axını 11,4 milyon dollardan 78,5 milyon dollara yüksələrək 6,9 dəfə artıb. İyunun sonuna şirkətin pul vəsaitləri 70 milyon dollar, lizinq öhdəlikləri nəzərə alınmadan borcu isə 12,3 milyon dollar olub. Nəticədə şirkətin xalis nağd pul mövqeyi 2025-ci ilin sonundakı 2,6 milyon dollardan 57,7 milyon dollara yüksəlib.
Balans da istehsalın genişlənməsi ilə böyüyüb. “Anglo Asian Mining”in aktivləri illik müqayisədə 98,3% artaraq 310,1 milyon dollara, öhdəlikləri 111,6% artaraq 178,5 milyon dollara çatıb. Kapital isə 72 milyon dollardan 131,6 milyon dollara yüksəlib ki, bu da 82,7% artım deməkdir.
Maliyyə göstəricilərindəki sıçrayışın əsas mənbəyi mis olub. Şirkət yanvar-iyunda 8 840 ton mis hasil edib. Bu, 2025-ci ilin eyni dövründəki 1 188 tonla müqayisədə 7,4 dəfə və ya 644% çoxdur və “Anglo Asian Mining” üçün indiyədək qeydə alınan ən yüksək yarımillik mis istehsalıdır. Qızıl istehsalı 1,8% artaraq 12 329 unsiyaya, gümüş hasilatı isə 48,9% artaraq 92 855 unsiyaya çatıb. Artım əsasən “Gilar” və “Dəmirli” mədənlərinin ilk dəfə tam altı aylıq dövr ərzində istehsalda olması ilə bağlıdır.
Mis və qiymətli metal konsentratının satışı xüsusilə sürətlə böyüyüb. İlk yarıda 50 688 quru metrik ton konsentrat satılıb, halbuki bir il əvvəl satış 5 432 ton idi. Konsentrat satışından hesabatda tanınan gəlir 10,4 milyon dollardan 107,3 milyon dollara — 10 dəfədən çox artıb və ümumi gəlirin təxminən 76%-ni təşkil edib. Bununla yanaşı, qızıl və gümüş külçələrinin satışından gəlir 11,1% artaraq 33,9 milyon dollara çatıb.
QİYMƏTLƏR YÜKSƏLİR
Şirkətin satış nəticələrinə metal qiymətlərindəki yüksəliş də dəstək verib. Hesabat dövründə misin orta bazar qiyməti ton üçün 9 445 dollardan 13 139 dollara, təxminən 39% yüksəlib. Qızılın orta bazar qiyməti isə unsiya üçün 3 077 dollardan 4 688 dollara, yaxud 52% artıb. Şirkət gəlirlərin hazırda büdcədə nəzərdə tutulandan yüksək olmasını da məhz metal qiymətlərinin güclü olması ilə əlaqələndirir.
“Dəmirli” artıq şirkətin mis strategiyasının əsas aktivlərindən birinə çevrilib. Yanvar-iyunda buradan 31 695 quru ton konsentrat satılaraq 71,4 milyon dollar daxilolma əldə edilib. “Gədəbəy”dən isə 18 993 ton konsentratın satışından 54,5 milyon dollar əldə olunub. “Dəmirli”nin sabit tam istehsal səviyyəsinə 2026-cı ilin dördüncü rübündə çatacağı gözlənilir.
Şirkət fevralda açıqladığı illik mis istehsalı proqnozunu dəyişməyərək 20–25 min ton səviyyəsində saxlayıb. İlk altı ayda hasil olunan 8 840 ton bu diapazonun aşağı həddinin 44%-nə, yuxarı həddinin isə 35%-nə bərabərdir. İlin ikinci yarısında “Dəmirli”də istehsalın artması gözlənildiyindən hasilatın daha yüksək olması planlaşdırılır. Gümüş üzrə 170–210 min unsiya proqnozu da dəyişməyib.
Qızıl üzrə isə proqnoz aşağı salınıb. Əvvəl nəzərdə tutulan 28–33 min unsiya əvəzinə şirkət indi 2026-cı ildə 26–30 min unsiya qızıl hasil etməyi gözləyir. Səbəb “Gilar” filizində qızıl tərkibli mineralların dəyişkənliyi və ilin ilk yarısında gözləniləndən aşağı bərpa göstəriciləridir. Bunun əvəzində mis istehsalının tam maya dəyəri üzrə proqnoz yaxşılaşdırılıb: əvvəl ton üçün 6 800–7 800 dollar nəzərdə tutulurdusa, yeni diapazon 6 000–7 000 dollardır. İlk yarıda “Dəmirli”nin icarə xərcini çıxmaqla qrup üzrə misin AISC göstəricisi ton üçün 5 158 dollar olub.
Orta müddətli planda misin çəkisi daha da artacaq. “Anglo Asian Mining” 2030-cu ildə illik mis istehsalını təxminən 50–55 min tona çatdıraraq çoxaktivli orta ölçülü mis istehsalçısına çevrilməyi planlaşdırır. Bunun üçün “Xarxar”, “Qaradağ” və “Zəfər” mədənlərinin 2027–2030-cu illərdə istehsala verilməsi nəzərdə tutulur. “Xarxar” və “Qaradağ” üzrə texniki-iqtisadi əsaslandırma işləri artıq başlayıb; şirkət 2026–2027-ci illər üçün 90 min metrlik qazma proqramı həyata keçirir.
ÖLKƏDƏ İSTEHSAL
Şirkətin misə keçidi Azərbaycanın ümumi ixrac statistikasında da görünür. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə mis konsentratı istehsalı 12 484,2 ton olub və illik müqayisədə 5,5 dəfə artıb. Yanvar-iyulda isə Azərbaycandan ixrac edilən mis filizi və konsentratının fiziki həcmi 6,9 dəfə artaraq 69,1 min tona, ixrac gəliri isə 9,5 dəfə artaraq təxminən 152 milyon dollara çatıb.
Burada göstəricilərin metodoloji fərqi var: ölkə üzrə 69,1 min ton ixrac göstəricisi filiz və konsentrat yükünün fiziki çəkisini, “Anglo Asian Mining”in açıqladığı 8 840 ton isə həmin məhsulların tərkibində hasil edilmiş metal misin həcmini göstərir. Buna görə iki rəqəmi birbaşa müqayisə etmək düzgün deyil.
Artım şirkətin Azərbaycandakı törəməsinin ixrac mövqeyini də kəskin gücləndirib. “Anglo Asian Mining”ə 100% məxsus “Azerbaijan International Mining Company”nin ixracının dəyəri 2026-cı ilin yanvar-iyulunda 56,1 milyon dollardan 206,7 milyon dollara yüksələrək 3,7 dəfə artıb. Şirkət bununla ölkənin ən böyük qeyri-dövlət qeyri-neft ixracatçısına çevrilib. Lakin, AIMC-nin ixracına təkcə mis deyil, qızıl və digər qiymətli metal məhsulları da daxildir.
Eyni dövrdə “AzerGold”un ixracı da 25% artaraq 156,4 milyon dollara çatıb. Beləliklə, iki əsas dağ-mədən şirkətinin yeddi aylıq ixracı birlikdə 363,1 milyon dollar olub ki, bir il əvvəl bu göstərici 181,2 milyon dollar idi. Hər ikisi qeyri-neft məshulları ixracına böyük dəstək verib.







