BOKT “International” 15% dərəcə ilə borc alıb, onu kreditə yönəldir

BOKT “International” ASC Bakı Fond Birjasında istiqraz yerləşdirməklə investorlardan daha 1 milyon manat vəsait cəlb edib. 21 sentyabrda keçirilən hərracda 50 investorun 50 sifarişi ilə emissiya tam həcmdə yerləşdirilib.

Banker.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, AZ2061021021 ISIN kodlu buraxılış hər birinin nominal dəyəri 100 manat olan 10 min ədəd faizli, təmin edilməmiş istiqrazdan ibarətdir. İstiqrazların illik gəlirliliyi 15%, tədavül müddəti 24 ay müəyyən edilib. Faiz gəlirləri hər 30 gündən bir ödəniləcək. Buraxılışın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

BOKT bununla kifayətlənmir. BFB sentyabrın 17-də şirkətin daha 1 milyon manatlıq, AZ2062021020 ISIN kodlu digər istiqraz buraxılışına da ticarət icazəsi verib. Həmin istiqrazların da nominalı 100 manat, gəlirliliyi 15%, müddəti 24 ay və kupon ödənişi aylıqdır. Bu buraxılışın yerləşdirmə tarixi hələ emitent tərəfindən açıqlanmalıdır.

BOKT “International” son illərdə kapital bazarından aktiv borclanan BOKT-lardan biridir. Məsələn, 2022-ci ildə şirkət 2 milyon manatlıq istiqrazları 14% illik gəlirlilik və aylıq kuponla, daha iki 2 milyon manatlıq buraxılışı isə 13% gəlirlilik və rüblük ödənişlə yerləşdirib. 2023-cü ilin sonunda isə 1 milyon manatlıq, 5 illik və 18% gəlirli istiqraz buraxılışına çıxıb.

2024-cü ildən BOKT daha çox 15%-lik istiqrazlara keçib. Şirkət həmin dövrdə bu məhsulu “Artım istiqrazları” adı ilə bazara təqdim edib. “Artım” proqramının ümumi həcmi 5 milyon manat, istiqrazların nominalı 1 000 manat, müddəti 24 ayadək, illik gəlirliliyi isə 15% olaraq elan edilmişdi. Şirkət 2023-cü ildə isə istiqraz məhsullarını “Yubiley istiqrazları” adı ilə təqdim etmişdi.

2025-ci ilin ikinci yarısından “International”ın bir sıra buraxılışlarında gəlirlilik 18%-ə yüksəlib və müddət 3 il müəyyən edilib. Bu şərtlər 2026-cı ilin iyulundakı emissiyalarda da saxlanılıb. Avqustdan isə şirkət yenidən 15%-lik, 2 illik istiqrazlara keçib: avqustun 6-da, 19-da və 31-də 1 milyon manatlıq ayrı-ayrı buraxılışlar tam yerləşdirilib.

Təqribən 2022-ci ildən 21 sentyabr 2026-dək şirkətin ən azı 29,5 milyon manatlıq istiqraz yerləşdirib.

İstiqrazların emissiya prospektinə əsasən, BOKT “International” borclanmanı kredit məhsullarına artan tələbi maliyyələşdirmək üçün həyata keçirir. Cəlb olunan vəsaitlərin fiziki və hüquqi şəxslərə kreditlərin verilməsinə yönəldilməsi nəzərdə tutulur.

BOKT-un 100%-lik səhmdarı Rifat Vaqif oğlu Həsənovdur. Şirkətin hazırkı nizamnamə kapitalı 10 milyon manatdır.

“International” 2025-ci ili 5,55 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da illik 15% artımdır. Aktivləri 33,2% artaraq 60,65 milyon manata, xalis kredit portfeli 35% böyüyərək 51,26 milyon manata çatıb. Öhdəlikləri 46,50 milyon manat, kapitalı isə 14,15 milyon manat olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər