Asiya İnkişaf Bankı Azərbaycanın iqtisadi artım proqnozunu aşağı salıb

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,6%, 2027-ci ildə isə 1,8% artacağını proqnozlaşdırır.

Banker.az xəbər verir ki, AİB sentyabr hesabatında bu il üzrə artım gözləntisini iyul proqnozu ilə müqayisədə 0,4 faiz bəndi azaldıb. Bankın əvvəlki proqnozu 2% idi. 2027-ci il üzrə 1,8%-lik proqnoz isə dəyişməyib.

AİB qərarını neft-qaz hasilatındakı azalmanın ilin sonunadək davam edəcəyi gözləntisi ilə izah edir. Bankın məlumatına görə, 2026-cı ilin birinci yarısında Azərbaycan iqtisadiyyatı 0,8% böyüyüb. Ötən ilin eyni dövründə artım 1,5% olmuşdu. Bu ilin ilk altı ayında neft-qaz sektoru 0,7% kiçilib, qeyri-neft-qaz sektoru isə 1,5% artıb. Bank 2027-ci ildə iqtisadi fəallığın müəyyən qədər bərpa olunacağını gözləyir.

Bu arada, AİB 2026-cı ildə Gürcüstanın iqtisadiyyatının 6,3%, Ermənistan 5% , Qazaxıstanın 4,8%, Qırğızıstanın 8,9%, Tacikistanın 7%, Türkmənistanın 6,3% və Özbəkistanın 7% artacağını gözləyir. Bankın 2027-ci il proqnozları isə müvafiq olaraq 5,2%, 5,5%, 4,5%, 8,4%, 6,8%, 6,2% və 6,8% təşkil edir. Beləliklə, Azərbaycanın 2026-cı il üzrə 1,6%-lik artım proqnozu bu ölkələrin hamısından aşağıdır.

PDF: asian-development-outlook-september-2026

Digər qurumların Azərbaycan üzrə son açıqlanmış real ÜDM artımı proqnozları belədir:

  • Azərbaycan hökuməti 2026-cı ildə 1,7%, 2027-ci ildə 2,7%, 2028-ci ildə 2,6%, 2029-cu ildə 4,2%, 2030-cu ildə isə 3,6% artım proqnozlaşdırır. Bu rəqəmlər 2026-cı ilin avqustunda hazırlanmış və sentyabrda açıqlanmış baza ssenarisinə aiddir.
  • Azərbaycan Mərkəzi Bankı iyulda 2026-cı il üçün 0,5%, 2027-ci il üçün 2,6% artım gözlədiyini açıqlayıb.
  • ABŞ-nin kredit reytinqi agentliyi “Moody’s Ratings” iyul qiymətləndirməsində 2026-cı il üçün təxminən 1,5%, ortamüddətli dövr üçün isə 2–2,5% artım proqnozlaşdırıb.
  • Niderlandın bank qrupu “ING” 2026-cı ildə 1,9%, 2027-ci ildə 3%, 2028-ci ildə 2,3% artım gözləyir.
  • Böyük Britaniyanın iqtisadi təhlil şirkəti “Fitch Solutions” 2026-cı il üzrə artımı 2,5% proqnozlaşdırır.

Bununla belə bildirməliyik ki, proqnozlar fərqli vaxtlarda hazırlanıb. AİB-in sentyabr yeniləməsi 2026-cı il üzrə hökumətin 1,7%-lik gözləntisinə yaxın olsa da, Mərkəzi Bankın iyulda açıqladığı 0,5%-lik proqnozdan yüksəkdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan iqtisadiyyatı 2025-ci ildə 1,4 % artıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər