Britaniyanın lüks avtomobil istehsalçısı “Bentley” sentyabrın 23-də ilk tam elektrik avtomobilləri seriyasını təqdim edib. Yeni xətt İspaniyadakı Torkal-de-Antekera milli parkının şərəfinə “Torcal” adlandırılıb.
Banker.az xəbər verir ki, seriyaya iki model daxildir — “Torcal” və daha güclü “Torcal S”.
“Torcal” 810 at gücünə malik mühərriklə təchiz olunub, maksimal sürəti 250 km/saatdır və 0-dan 100 km/saata 3,4 saniyəyə sürətlənir.
“Torcal S” isə 880 at gücünə malikdir, maksimal sürəti 260 km/saata çatır və 100 km/saata 2,9 saniyəyə sürətlənir.
Hər iki modelin batareyası 10%-dən 80%-ə 16 dəqiqəyə qədər doldurula bilir. Tam enerji ehtiyatı ilə avtomobillərin yürüş məsafəsi 600 kilometr təşkil edir.
“Bentley” elektromobillərdə klassik benzin mühərriklərinin səsini imitasiya edən xüsusi dinamiklərdən də istifadə edib. Şirkət bunun həm brend üslubunu qorumaq, həm də piyadaların yaxınlaşan avtomobili eşitməsini təmin etmək məqsədi daşıdığını bildirir.
Hər iki model Böyük Britaniyanın Kru şəhərindəki zavodda istehsal olunur. “Torcal” və “Torcal S” modellərinin Avropaya ilk tədarükləri 2026-cı ildə başlayacaq. ABŞ-da satışların isə 2027-ci ildə başlanması planlaşdırılır.







