11 C
Baku
Monday, November 25, 2024

Mərkəzi Bank manatı bazardan yığışdırmağın daha bir yolunu işə saldı

Azərbaycan Mərkəzi Bankı (AMB) ötən ildən bəri ilk dəfə notlarının yerləşdirilməsi üzrə hərraclara başlayıb.Daha öncə vəsaitlər yalnız faizli depozit şəklində idi. Ekspertlərin fikrincə, bir qiymətli kağız kimi, not investorlardan ötrü istifadəsi rahat, banklar üçünsə cəlbedici və daha çevik maliyyə alətidir.Noyabrın 2-də AMB Bakı Fond Birjasında (BFB-də) maliyyə bazarından 49 milyon 437 min manat cəlb edib.

Hərracda investorlara 50 milyon manatlıq not (qiymətli kağız) satılıb. Həmin qiymətli kağızlara görə orta gəlirlilik 14,71 faiz müəyyənləşdirilib. AMB 28 gündən sonra aşağı qiymətlə (98 manat 86 qəpiyə) satdığı qiymətli kağızları investorlardan öz qiymətinə (100 manata) geri alacaq. Bu müddətdə investorlar onu təkrar bazarda sata və gündəlik REPO əməliyyatları apara bilərlər (“REPO” əməliyyatı deyərkən, qiymətli kağızları satan tərəfin onları öncədən müəyyənləşdirilən qiymətə geri alması öhdəliyi nəzərdə tutulur – red.). Faiz dərəcələri yaxın olsa da, notun depozitdən üstün özəlliyi var: depoziti AMB-də yerləşdirən bank və ya başqa bir investor ona bir ay toxuna bilməz. Müddət tamamlandıqda, faizi ödənilməklə, pul ona qaytarılır.

Son hərracda notlara tələbat təklifi 14 milyon manat üstələyib. Maliyyə bazarları təhlilçisi Cəfər İbrahimli AMB-nin dövriyyədə olan pul kütləsini hər iki maliyyə alətindən yararlanmaqla azalmağa çalışdığını deyir. O, AzadlıqRadiosu-na bildirib ki, notların bazarda daha uzun müddətdə dövr etməsini doğru sayır.

Banklar Maliyyə Nazirliyinin buraxdığı qısamüddətli qiymətli kağızların da fəal investoru qismində çıxış edirlər. Nəticədə, bir yandan AMB, o biri yandan Maliyyə nazirliyi müxtəlif vasitələrlə manatı dövriyyədən önəmli həcmdə çıxarır.

C. İbrahimli deyir ki, son 2 ildə dövriyyədəki manat yetərincə azalıb:«Manatın bu dərəcədə azaldılmasının tərəfdarı deyiləm. Düzdür, AMB-nin bu aləti işə salmaqda əsas arqumenti artan qiymətlər, hədəfi isə inflyasiyanı azaltmaqdır. Şəxsən mən inflyasiyanın elə də yüksək səviyyədə olduğunu düşünmürəm. Bazarda qiymət artımı iqtisadi amillərdən deyil, devalvasiyadan, istehlak bazarının idxaldan asılılığından qaynaqlanır. İkincisi, manatın azlığı iqtisadiyyatın boğulmasına gətirib çıxarır. Bu isə yaxşı heç və vəd etmir».

Ekspertlər həm də bu fikirdədirlər ki, AMB dövriyyədəki manatı azaltmaqla dollar alışını məhdudlaşdırmağı da hədəfləyir, çünki xarici valyuta alınmasına sərf olunan vəsait manatı əlavə təzyiq altında saxlayır. AMB 600 milyon manatlıq not buraxıb. Növbəti hərracın vaxtı hələ açıqlanmayıb. (“Azadlıq” radiosu)

Son xəbərlər
Digər xəbərlər