“Dolların ucuzlaşması və manatın möhkəmlənməsi qiymətlərə təsir göstərməlidir”.
Bunu iqtisadçı ekspert Vüqar Bayramlı deyib. Ekspert bildirib ki, dolların ucuzlaşması fonunda ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin azalması gözlənilir. “Çünki idxal olunan məhsulların qiymətlərində artımlar dolların məzənnəsinin möhkəmlənməsi ilə ifadə olunurdu. Eyni zamanda nəzərə salsaq ki, istehlak edilən malların 76 faizi digər ölkələrdən idxal olunur, deməli idxal malların ucuzlaşmasına ehtiyac var. Bir arqument də ondan ibarətdir ki, dolların məzənnəsinin son günlər aşağı düşməsinə baxmayaraq, sahibkarlar dolların məzənnəsi yüksək olan dövrdə idxal etdikləri məhsulları satırlar, ona görə də qiymət azalmalarına gedə bilmirlər. Lakin bu arqumentlə razılaşmaq mümkün deyil. Bu, qeyri-ərzaq məhsulları üçün keçərli olur. Nəzərə alsaq ki, ərzaq məhsullarının saxlama müddəti uzun deyil və uzun müddətli olmadığı üçün həmin ərzaq məhsullarını gündəlik və ya həftəlik idxalı həyata keçirilir”.
V.Bayramlı bildirib ki, bu konteksdə məhsulların qiymətləri aşağı düşməlidir. “Nəticədə daimi olaraq alınan məhsulların qiymətləri azaldılmış qiymətlərlə idxal olunur və qiymətləri də enməlidir. Onların qiymətlərinin qaldırması düzgün deyil. Dolların ucuzlaşması qiymətlərin azalmasına təsir göstərməlidir. Amma hələlik təəssüf ki, bu hiss olunmur və bazara təsir göstərmir”.
Ekspertin sözlərinə görə, qiymətlər aşağı düşməyəcəksə, İqtisadiyyat Nazirliyi tərəfindən monitorinqlərin aparılmasına ehtiyac var. “İqtisadiyyat Nazirliyi monitorinqlərin aparılmasına məsul olan qurumdur. Nazirliyin monitorinqləri aparmaq və qiymətləri optimallaşdırmaq səlahiyyəti var”.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti intensiv nəzarət tədbirlərini davam etdirir və xəbərdarlıq edir ki, süni qiymət artımına və sui-istifadə hallarına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ciddi tədbirlər görüləcək.