Azərbaycanda son 13 il ərzində 3 mindən çox məktəb, 600-dən çox tibb ocağı, 40-dan artıq Olimpiya idman mərkəzi tikilib. Ümumən müstəqillik illərində Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan çox vəsait qoyulub.
Bunu “AZƏRTAC”ın yaydığı geniş təhlili yazısında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.
Onun yazdığına görə, təkcə 2003-cü ildən sonrakı dövrdə ölkə iqtisadiyyatı 3 dəfə artıb, təxminən 50 faiz həcmində olan yoxsulluq 5 faizə enib, həyata keçirilən dövlət proqramları əsasında respublikanın bütün bölgələri canlanıb, əhalinin güzəranı qat-qat yaxşılaşıb, 26 elektrik stansiyası, 4 su anbarı tikilib, 11 min kilometr avtomobil yolu çəkilib, ölkə ərazisinin 92 faizi qazlaşdırılıb, onlarla yeni müəssisə açılıb.
O, qeyd edib ki, Azərbaycan böyük nəqliyyat dəhlizlərinin qovuşduğu bir ölkə olaraq özünün geniş logistika imkanlarından səmərəli istifadə edir, yaratdığı nəqliyyat və kommunikasiya bazasından, infrastrukturundan bəhrələnir və yaxın gələcəkdə ölkə iqtisadiyyatına bunun çox müsbət təsiri hiss olunacaq.
“Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin yaradılmasında böyük rol oynayır, Bakı-Tbilisi-Qars dəmir yolunun yaxın vaxtlarda istifadəyə verilməsi ilə onun rolu daha da yüksələcək, Avropa ilə Asiyanı birləşdirəcək. Eyni zamanda, “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin həyata keçirilməsi, Almaniyanın Frankfurt şəhərindən Çinin Honq-Konq bölgəsinə qədər uzanan fiberoptik internet xəttinin çəkilməsi də tranzit ölkə kimi Azərbaycana böyük dividendlər gətirəcək”, – deyə PA rəsmisi vurğulayıb.