Maliyyə Bazarlarına Nəzarət Palatası ləğvetmə prosesində olan “Azərqarant Sığorta” ASC-nin öhdəliklərinin “Günay Sığorta”ya ötürülməsinə razılıq verib.
Bu barədə “Azərqarant Sığorta”nın İdarə Heyətinin sədri Rəşad Məmmədov məlumat verib.
“Bununla bağlı bu həftə bizə Palatanın baş icraçı direktoru İbrahim Alışovun adından məktub daxil olub. Yəgin ki, yaxın günlərdə öhdəliklərimizin yekun məbləğini müəyyən edib ona uyğun sığorta haqqı müqabilində “Günay Sığorta”ya ötürəcəyik”, – deyə R. Məmmədov qeyd edib.
Xatırladaq ki, “Azərqarant Sığorta” 1993-cü ildə yaradılmış “Şərqə Qapı Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamnamə kapitalı 5,61 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 561 manat olan 10 000 səhm əsasında formalaşıb. Şirkətin səhmləri 100% Oqtay Abbas oğlu Əliyevə (Direktorlar Şurasının sədri) məxsusdur.
“Azərqarant Sığorta” ötən il noyabrın 1-dən fəaliyyətini dayandırıb. Buna səbəb Şirkətin kapital çatışmazlığı problemi ilə üzləşməsidir. Bundan sonra onun öhdəliklərinin yerinə yetirilməsi üçün komissiya yaradılıb.