25 C
Baku
Saturday, July 27, 2024

ABB tarixi binasının açılışını etdi

®ABB-nin “Mərkəzi” filialı yenidən öz tarixi ofisində müştərilərə xidmətə
başlayıb. “Mərkəzi” filial Hacı Zeynalabdin Tağıyev küçəsi – 3 ünvanında, XX əsrin
əvvəllərində məhz bank binası kimi inşa olunmuş məşhur tikilidə fəaliyyət göstərir.

30 yanvar 2023-cü ildə binanın açılışı olub. Tədbirdə binanın tarixi haqqında
məlumat verilib, bu barədə qısa film nümayiş etdirilib. İştirakçılar binada təşkil edilmiş
və bankçılıq fəaliyyətinin müxtəlif dövrlərinə dair maraqlı eksponatlar yerləşdirilmiş
tarixi guşə ilə də tanış olublar. Həmçinin müştərilərə ən yüksək səviyyədə xidmət üçün
filial binasında yaradılmış imkanlar təqdim edilib.

ABB-nin “Mərkəzi” filialının ofisi yerləşən tikilinin təməli 1903-cü ildə qoyulub.
Bank üçün nəzərdə tutulduğundan fasadında “Банкъ” sözü və qədim Roma
mifologiyasına görə Ticarət tanrısı sayılan Merkurinin təsviri işlənib. 1905-ci ildən
burada “Societe Generale” qrupunun törəmə bankı olan Şimal Bankının Bakı şöbəsi
fəaliyyətə başlayıb. 1910-1920-ci illərdə isə o dövrdə ölkənin ən böyük bankı sayılan
“Rusiya-Asiya Bankı”nın Bakı şöbəsi yerləşib. 1924-cü ildən sonra binada keçmiş SSRİ
Dövlət Bankının Bakıdakı kassalarından biri xidmət göstərib. Ötən əsrin 50-ci illərindən
binada Kommunal Təsərrüfat və Tikinti Bankı yerləşib. 60-cı illərdə tikilinin ayrı-ayrı
hissələrindən bank fəaliyyətindən kənar müxtəlif təyinatlarla istifadə edilib. Daha sonra
binada SSRİ banklarından birinin Bakı kontoru fəaliyyət göstərib.

1992-ci ilin 10 yanvarında ABB yarandıqdan sonra Bankın Baş ofisi burada
fəaliyyətə başlayıb. 1995-ci ildən ABB-nin “Mərkəzi” filialı bu binada müştərilərə
xidməti davam etdirməkdədir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı
ilə bina milli əhəmiyyətli tarixi-mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülüb.
ABB-nin filiallarının transformasiyası layihəsi çərçivəsində daxili və xaricinin tarixi
görkəmi tam qorunmaqla binada əsaslı təmir-bərpa işləri aparılıb.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov binanın tarixi əhəmiyyətindən
danışıb: “Bu bina keçmişlə gələcək arasında vəhdət yaradır. Onun tarixi görkəmi
tam qorunmaqla təmiri və açılışı xidmət ofislərimizin yenilənən simasının
göstəricisidir. ABB üçün bu, yeni bir dönəmin, yeni uğurlarımızın başlanğıcıdır”.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları
Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat
Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Bina1 Bina3

 

Son xəbərlər
Digər xəbərlər