ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi “Talibanla sözləşdiyinə görə” Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Pelosi bunu MSNBC telekanalına müsahibəsində deyib.
“Biz Rusiyaya qarşı sanksiyalar tətbiq etməliyik, özü də indi”, – spiker bildirib.
İstər Moskvada, istərsə də Donald Tramp administrasiyasında Rusiyanın “Talibanla sözləşməsi” iddialarını rədd edirlər.
“The New York Times” dərc etdiyi məqaləsində iddia edib ki, Rusiya hərbi kəşfiyyatı Əfqanıstanda ABŞ əsgərlərinə hücumlara görə Talibanla əlaqəli olan yaraqlıları mükafatlandırır və ABŞ prezidentinə bu barədə məlumat verilib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Talibanla “sözləşməsi” barədə iddianı şərh edərkən bunun yalan olduğunu deyib.