3 C
Baku
Şənbə, Yanvar 22, 2022

ABŞ dolları bahalaşdırır – “Azərbaycan neft bazarında qiymətləri diqqətdə saxlamalıdır”

Elman Sadiqov: “Azərbaycan neft bazarında qiymətləri diqqətdə saxlamalıdır”

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) 2022-ci ildə uçot dərəcəsini artırmaq barədə 3-4 dəfə qərar qəbul edəcək. Çikaqo Ticarət Birjasının məlumatlarına əsasən, FED-in uçot dərəcəsinin artırılmasına dair ilk qərarının 2022-ci ilin martında qəbul ediləcəyi ehtimalı 89 faiz səviyyəsində qiymətləndirilir. Goldman Sachs bankının proqnozlarına əsasən, FED 2022-ci ildə uçot dərəcəsinə 4 dəfə baxacaq və hər dəfə də qərar artımı nəzərdə tutacaq. Bloombergin məlumatına görə, qərarlar mart, iyun, sentyabr və dekabrda qəbul ediləcək. Bundan əlavə, iyuldan FED-in öz balansının ixtisarına da başlayacağı gözlənilir.

Monetar siyasətin sərtləşməsi ABŞ-da işsizlik səviyyəsinin azalması, inflyasiyanın yüksək həddə çatması ilə əsaslandırılır. Belə ki, yanvarın 7-də dərc edilən ABŞ əmək bazarına dair məlumatlar ötən ilin dekabrında dünyanın ən böyük iqtisadiyyatında işsizlik səviyyəsinin 3,9 faizə düşdüyünü və pandemiyadan əvvəlki göstəricilərə (2020-ci ilin fevral ayı üçün 3,5 faiz) yaxınlaşdığını göstərib. Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin aprelində ABŞ-da işsizlik 14,8 faizə qədər yüksəlmişdi. Ölkənin Əmək Nazirliyinin məlumatına görə, dekabrda ölkədə kənd təsərrüfatından kənar sahələrdə 200 min yeni iş yeri yaradılıb. Bu, proqnozlaşdırılan 400 mindən iki dəfə aşağı nəticədir. Lakin istehsal sektorundan işçi cəlbi ilə bağlı açıqlanan sifarişlər prosesin yanvarda daha sürətlə gedəcəyindən xəbər verir. Dekabrda iş yerləri ilə yanaşı, iş saatına görə ödənişin məbləğində də 0,6 faiz artım qeydə alınıb. Bu göstərici illik ifadədə 4,7 faiz artıb. Lakin son 39 ildə ən yüksək inflyasiyanın qeydə alındığı bir şəraitdə əmək haqqının artımı əhalinin artan xərclərini tam qarşılamaq imkanında deyil.

Belə yüksək inflyasiyanın qarşısını almağı hədəfləyən FED əsas alət olaraq uçot dərəcəsinin artırılmasından istifadə etməyə hazırlaşır. Hazırda 0-0,25 səviyyəsində olan uçot dərəcəsinin 1-2 faiz intervalına, hətta yüksək səviyyə çatdırılacağına dair açıqlamalara rast gəlinir.

Xatırladaq ki, 2014-cü ildə belə bir proses əmtəə qiymətlərinin, o cümlədən neftin kəskin ucuzlaşmasına, neft-qaz ölkələrinin iqtisadiyyatının xaosa sürüklənməsinə səbəb olmuşdu. FED sonuncu dəfə faiz dərəcələrində kəskin artıma 2015-2018-ci illər arasında gedib və faizlər 0 səviyyəsindən 2,5 səviyyəsinə qədər artırılıb.

Koronavirus pandemiyası ilə əlaqədar FED faizləri yenidən 0 səviyyəsinə qədər endirib və bazarlara böyük maliyyə dəstəyi verib. 2022-ci ildə maliyyə dəstəyi dayandırılmaqla bərabər faizlər də artırılacaq. FED hesab edir ki, faiz dərəcələrinin aşağı səviyyədə olması və uzun müddət monetar genişləndirmənin həyata keçirilməsi birjalarda indekslərin real vəziyyətindən daha çox yüksəlməsinə səbəb olub. Bunun nəticəsində qlobal iqtisadiyyatın müxtəlif sektorlarında, xüsusilə də qiymətli kağızlar bazarında “köpük”lər formalaşıb. FED sərt monetar siyasətə keçidlə “köpüklənmə”nin qarşısını almaq qənaətindədir.

Beynəlxalq Valyuta Fondunun analitikləri hesab edirlər ki, FED-in sərt pul – kredit siyasətinə keçməsi inkişaf etməkdə olan ölkələrdə maliyyə və investisiya problemləri yarada bilər. Buna görə də onlar inkişaf etməkdə olan iqtisadiyyatların ABŞ-ın faiz artımına hazırlaşmalarını tövsiyə edirlər. Bildirilir ki, ən pis variant FED-in gözləniləndən daha sürətli davranması olacaq. BVF analitiklərinin fikrincə, bu, inkişaf etməkdə olan ölkələrdən kapital axını və valyuta itkilərini gücləndirəcək.

Bu halda qlobal iqtisadiyyatda nələr baş verəcək? Azərbaycan üçün hansı risklər yarana bilər? Sualları cavablandıran iqtisadçı-ekspert Elman Sadiqovun dediyinə görə, FED-in faiz dərəcələrini artırması qərarını verəcəyi gözlənilməz bir addım deyil: “Bunu gözlənilməz addım, siyasət dəyişikliyi və sair kimi qiymətləndirmək doğru yanaşma olmaz. FED-in 2022-ci ildə faiz dəyişikliyinə gedəcəyi artıq 2021-ci ilin əvvəlindən bəlliydi: ABŞ iqtisadiyyatı pandemiyanın təsirlərindən çıxırdı, pozitiv siqnallar görünürdü. Bu siqnallar faiz dərəcələrinin artırılmasını labüd edirdi, ən əsas siqnal isə inflyasiyanın sürətli artımı idi. Lakin inflyasiyanın artımına baxmayaraq 2021-ci ildə FED ehtiyatlı mövqe sərgilədi. Bu mövqe ondan ibarət idi ki, faiz dərəcələrinin artırılması hələlik davam edən pandemiya şəraitində iqtisadiyyatda yenidən problemlərin yaranmasına – daralma və sair – səbəb ola bilər. Buna görə də həm FED səbirlə davrandı, həm də iqtisadiyyatda likvidlik problem hələ də qalır, böyük layihələr üçün vəsait tapılması lazımdır. Bu səbəbdən mülayim monetar siyasət hələ də davam edir, FED özü də aktivlərin – həm istiqrazların, həm ipoteka kağızlarının alışını davam etdirir. Belə kağızların aylıq həcmi 120 milyard dollar idi, sonra15 milyard dollar azaldıldı. FED-in son iclasında isə iki dəfə azaltmaq – 30 milyarda salmağı nəzərdə tutmuşdu. Bu, nə deməkdir – hər ay FED yeni kağız pul çap edərək 80 milyard dollarlıq dövlət istiqrazı, 40 milyard dollarlıq ipoteka kağızı alırdı. Hələlik FED dövriyyəyə yeni pul buraxılışını davam etdirir. Bu şəraitdə faizlərin artırılması iqtisadi məntiqsizlik ola bilər. Buna görə də FED mart ayından etibarən bu alışları da, yəni kəmiyyət yumşaldılmasını da dayandıracağını bəyan edib”.

Ekspert bildirir ki, 2024-cü ilin sonunadək FED-in uçot dərəcəsini 3 faizə çatdırması gözlənilir: “Düşünürəm ki, 2022-ci ilin sonunadək 1-1,5 faizədək artım qərarı alına bilər qtisadiyyatdakı vəziyyətdən asılı olaraq. Əlbəttə, bir dəfəyə deyil, ən azı 3 mərhələdə. İlk qərarın martda qəbul olunması gözlənilir, lakin fikrimcə, iqtisadiyyatdakı proseslər sürətlənərsə, daha tez də qərar verilə bilər. Hazırda ABŞ-da inflyasiya 6,8 faiz civarındadır. Bu, FED üçün ciddi təhlükə siqnalıdır, ABŞ ötən əsrin 70-ci illərindəki kimi staqflyasiyaya düşmək istəmir. Düzdür, staqflyasiya ehtimalı çox aşağıdır, amma hər bir halda inflyasiya ABŞ üçün qəbulolunan deyil. Ümumiyyətlə, ABŞ-da inflyasiyaya qarşı kəskin həssaslıq var. Onu daim 5 faizin altında saxlamağa çalışırlar, əksər hallarda buna nail də olunur. Bu baxımdan, FED-in faiz artımına getməsi labüddür. Sual yaranır ki, niyə mərkəzi banklar arasında ilk olaraq FED faiz dərəcəsini artırmağa gedir? Bu, ondan irəli gəlir ki, ABŞ iqtisadiyyatında bərpa prosesi Çin istisna olmaqla, digər regionlara nisbətən daha sürətlidir. Digər tərəfdən, ABŞ dünyaya səpələdiyi pulları geri yığmalıdır. Pandemiya başlayanda FED-in büdcəsi 3,2 trilyon dollar idi. Pandemiya dövründə bu məbləğ 3 dəfəyə qədər artırılaraq 9 trilyona çatdırılıb. İndi bunun azaldılması lazımdır. ABŞ-da maliyyələşməyə ehtiyacı olan böyük layihələr var. Təkcə yaşıl enerjiyə keçid prosesini təmin etmək üçün 500 minədək alternativ elektrik istehsal edən stansiyaların qurulmasına 2 trilyon dollar yatırıma ehtiyac var. Əlavə olaraq digər infrastrukturların qurulması da var. 2040-cı ilədək enerji keçidinə 100 trilyon dolların xərclənməsi nəzərdə tutulur. Bu yatırımların hamısının FED-in yeni çap edəcəyi pullarla edilməsi mümkün deyil, FED də buna qarşıdır. Çünki bu, dolların ciddi inflyasiyasına səbəb ola bilər. Ona görə də pandemiya dövründə dünyaya buraxılmış trilyonlarla dollar vəsaitin mühüm bir hissəsinin ABŞ-a qaytarılması nəzərdə tutulur”.

Dolların qlobal səviyyədə bahalaşmasının Azərbaycana təsirlərinə gəlincə, E.Sadiqovun sözlərinə görə, ABŞ valyutasının məzənnəsinin möhkəmlənməsi onunla ticarət olunan əmtəələrin qiymətinin müəyyən qədər düşməsini şərtləndirəcək: “Bu baxımdan, Azərbaycan üçün əsas məqam neft bazarındakı qiymətlərdir. Hansı ki, bu bazarda qiymətlərə dolların məzənnəsinin təsiri elə də yüksək deyil. Neft bazarı tamamilə fərqli proses və amillərin təsiri ilə idarə olunur. Əvvəla, dünya iqtisadiyyatının pandemiyanın təsirlərindən çıxması, bərpanın sürətlənməsi qlobal səviyyədə neftə tələbatı artırır. Digər tərəfdən, OPEK və ondan kənardakı hasilatçılar bazarda qiymət tənzimlənməsinin uğurlu variantını tapıblar, artıq 3 ildir ondan istifadə olunur. Bu baxımdan, neft bazarında kəskin qiymət enişi yaxınmüddətli dövr üçün gözlənilmir. Hər hansı kataklizmlər, məsələn, yeni bir ştamın dünyada 2020-ci ilin ikinci rübündəki qədər qapanmalara gətirib çıxarması kimi hadisələr olmasa, neft bazarında ciddi qiymət enişi ehtimalı çox aşağıdır. Neft bazarını daim diqqətdə saxlamağımız lazımdır, çünki Azərbaycanda dolların məzənnəsini FED-in qərarları deyil, neftin qiyməti tənzimləyir. FED-in qərarları ölkəmizdə dolların məzənnəsinə dolayı təsir göstərir: dollar bahalaşanda neftin qiyməti ucuzlaşır, bu isə manatın məzənnəsinə mənfi təsir edib, onun dollar qarşısında dəyərsizləşməsini şərtləndirir. Amm bu təsir elə də güclü olmur. Hər bir halda, düşünürəm ki, biz ən qısa müddətdə qeyri-neft ixracının dayanıqlı artımını təmin etmək üçün ciddi addımlar atmalıyıq. Bu, ölkə iqtisadiyyatının, makroiqtisadi sabitliyin neft bazarından asılılığını azaltmağın yeganə yoludur”.

Mənbə:Müsavat
Son xəbərlər
Oxşar xəbərlər