Türkiyəyə F-35 qırıcılarının verilməsi hazırda mümkün deyil, çünki ölkə proqramda iştirakın bərpası üçün tələb olunan hüquqi şərtləri hələ də yerinə yetirməyib. Bu, ABŞ Dövlət Departamentinin iyulun 22-də Konqresə göndərdiyi rəsmi məktubda bildirilib. Sənədlə Yunanıstanın “Kathimerini” nəşri tanış olub.
Məktubda qeyd edilir ki, əsas maneə Ankaranın Rusiyadan aldığı S-400 zenit-raket kompleksidir. F-35 proqramına qayıtmaq üçün Türkiyə bu sistemi və onunla əlaqəli avadanlığı tamamilə ləğv etməli, həmçinin gələcəkdə S-400 almayacağına dair təminat verməlidir. Bildirilir ki, bu proses “şəffaf, qanuni və ABŞ-nin milli təhlükəsizlik maraqlarına uyğun” şəkildə həyata keçirilməlidir.
Bununla yanaşı, sənəddə Vaşinqton və Ankara arasında danışıqların davam etdiyi təsdiqlənir. Dövlət Departamenti iyulun əvvəlində Ankarada ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən ikitərəfli görüşə istinad edərək, tərəflərin dialoqu davam etdirmək niyyətində olduqlarını vurğulayıb.
Türkiyə 2019-cu ildə S-400 zenit-raket komplekslərini əldə edib. Bundan sonra ABŞ Ankaradan Rusiya istehsalı olan sistemlərdən imtina edərək Amerika istehsalı Patriot sistemlərini seçməsini tələb edib. Vaşinqton həmçinin Türkiyəni F-35 proqramından çıxarıb və ölkənin müdafiə sənayesi kompleksinin rəhbərliyinə qarşı sanksiyalar tətbiq edib.







