11 C
Baku
Sunday, November 17, 2024

ABŞ Federal Ehtiyatlar Sistemi

Federal Ehtiyatlar Sistemi birləşmiş ştatların mərkəzi bankının funksiyalarını yerinə yetirir. O, 1913-cü il 23 dekabrda Federal Ehtiyatlar haqqında qanun ilə təsis edilib.

1791-ci ildə Aleksandr Hamilton tərəfindən mərkəzi bank funksiyasını yerinə yetirən Amerika Birləşmiş Ştatlarının İlk bankı təşkil edilmişdi. Bank öz fəaliyyətini 1811-ci ildə dayandırdı. Amerika Birləşmiş Ştatlarının ikinci bankı 1816-cı ildə açıldı və o, öz fəaliyyətini 1836-cı ilə qədər davam etdirdi. Həmin dövrdə bank prezident Endryu Cekson tərəfindən edilən tənqidlərə tab gətirə bilmədi.

1837-1862-ci illər arasında isə Amerikada Mərkəzi Bank mövcud olmayıb, həmin müddət tarixə “azad banklar erası” adı ilə daxil olub. 1862-1913-cü illərdə isə milli banklar sistemi qüvvədə olub.

1873, 1893, və 1907-ci illərdə maliyyə panikaları seriyası ABŞ bank sisteminin mərkəzləşməsi zərurətini meydana çıxardı. Üçüncü mərkəzi bankın yaradılmasında əsas təkan rolunu isə 1907-ci ildə baş vermiş maliyyə böhranı oynadı, bu zaman Nyu-York fond birjasının indeksi çox kəskin şəkildə aşağı düşmüşdü. Bank panikası bütün ölkə boyu yayıldı, bir sıra müəssisələr və banklar özlərini bankrot elan etdilər. Böhranın əsas səbəbləri Nyu-york banklarının likvidliyinin aşağı düşməsi, idarə olunması qeyri-mümkün həddə çatan birja spekulyasiyaları, həmçinin əmanətçilərin banklara etimadlarının itməsi idi.

800px Federal Reserve1907-ci il böhranı başa çatdıqdan sonra, ABŞ konqresi Oldriç-Vriland aktını qəbul etdi, bu qanuna əsasən Milli Monetar Komissiya yaradıldı. Onun əsas məqsədi, ölkədə mümkün pul və bank islahatları variantını araşdırmaq idi. Bu niyyətlə iki komissiya yaradılmışdı. Birinci komissiyanın vəzifəsi Amerikanın pul sisteminin öyrənilməsi, ikinci komissiyanın vəzifəsi isə Avropa ölkələrinin bank sistemlərinin öyrənilməsi idi.

Senator Nelson Oldriç dövlətin minimal dərəcədə müdaxilə etdiyi özəl bank yaratmağı təklif edirdi və dövlət bu mərkəzi bankın idarə heyətinin tərkibində təmsil olunmalı idi. Proqressiv demokratlar isə dövlətin tam mülkiyyətində olan və dövlət tərəfindən idarə edilən ehtiyatlar sistemini yaratmağı təklif edirdilər.

Konservativ demokratlar isə mərkəzləşdirilməmiş (decentralized) ehtiyatlar sistemi yaratmağın tərəfdarı idilər. 1913-cü ilin 23 dekabrında Federal Ehtiyatlar haqqında qəbul edilmiş qanun ABŞ-ın Demokratlar partiyasının mövqeyini əks etdirirdi, elə ona görə də Respublikaçılar onun qəbulunun əleyhinə səs verirdilər. Bankın 12 federal ehtiyat sistemi şöbəsi (Boston, Filadelfiya, Nyu-York, Riçmond,, Çikaqo, Klivlend, Atlanta, San-Fransisko, Minneapolis, Dallas, Sent-Luis, Kanzas-Siti) vardır və onlardan hər biri “Federal ehtiyat bankı” adını daşıyır.

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin idarəedici orqanı İdarə Heyətidir və onları Konqresin razılığı ilə prezident təyin edir. 2018-ci il fevralın 5-dən bəri Federal Ehtiyatlar Sisteminin İdarə heyətinin sədri vəzifəsini Jerome Powell icra edir.

Son xəbərlər
Digər xəbərlər