ABŞ Ali Məhkəməsi iyunun 24-də federal sərhəd xidmətinin əməkdaşlarına Green Card sahiblərini deportasiya etməyə imkan verən qərar qəbul edib. ABC News-un məlumatına görə, söhbət cinayət törətməkdə şübhəli bilinən şəxslərdən gedir.
Məhkəmənin qərarına əsasən, sərhəd xidməti agentləri yaşıl kart sahibinin cinayətdə şübhəli bilindiyi halda onun ölkəyə girişinə icazə verməyə bilərlər. Eyni zamanda vurğulanır ki, sərhəd agentləri cinayətin törədilməsinə dair sübut təqdim etməyə borclu deyillər — bunun üçün yalnız “əsaslı şübhənin olması” kifayət sayılır. Yenilik həmçinin ABŞ-yə giriş məntəqələrinə gələn şəxslərin qanuni daimi sakin statusundan məhrum edilməsi prosedurunu sərhəd xidmətləri üçün faktiki olaraq sadələşdirir.
ABŞ-nin qüvvədə olan immiqrasiya qanunvericiliyinə görə, ABŞ-ni qanuni əsaslarla qısa müddətə tərk edən Green Card sahiblərinə ölkəyə yenidən girişə icazə verilməlidir. İstisna yalnız o hallardır ki, yaşıl kart sahibi məhkəmə tərəfindən təqsirli bilinib və ya cinayət törətdiyini özü etiraf edib.
Ali Məhkəmənin bir sıra hakimləri qəbul edilən qərara qarşı çıxıblar. Onların fikrincə, hökumət yaşıl kart sahibini LPR statusundan məhrum etməzdən əvvəl onun həqiqətən cinayət törətdiyini sübut etməlidir.







