22 C
Baku
Wednesday, May 22, 2024

ABŞ İrandan neft tədarükünün artmasına icazə verəcək – Bloomberg

Dünyanın ən böyük neft treyderi olan “Vitol”un Asiya biznesinin rəhbəri Mayk Müller ABŞ-ın nüvə sazişi üzrə razılaşma olmadan da İrana dünya bazarına neft tədarükünü artırmağa icazə verə biləcəyini hesab edir.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, Tehran və Qərb ölkələri arasında sanksiyaların ləğvi müqabilində İranın nüvə proqramının dayandırılmasına dair razılaşmaların bərpası üzrə danışıqlar mart ayında dalana dirənib və neft treyderləri getdikcə bunun perspektivlərinə pessimist yanaşırlar.

M.Müller hesab edir ki, ABŞ Prezidenti Co Bayden ölkədə aralıq seçkilər öncəsi yanacaqdoldurma məntəqələrində qiymətlərin aşağı salınmasının İran nefti daşıyan tankerlərin həbsini də ehtiva edən sanksiyaların ciddi şəkildə tətbiqindən daha vacib olduğuna qərar verə bilər.

“O, sadəcə, bu neftin bir qədər böyük həcmlərinin bazara daxil olmasına icazə verə bilər. Əgər aralıq seçkilərdə vəziyyət ABŞ-da benzinin qiymətinin aşağı salınması zərurəti ilə müəyyən ediləcəksə, ABŞ-ın sanksiya edilmiş barellərin bazara axınına daha çox göz yumacağını gözləyə bilərik”, – ekspert bildirib.

M.Müller düşünür ki, Vaşinqtonun bu axınlara müdaxiləsi nadir hallarda olub.

İran 2022-ci ildə neft ixracını artırıb ki, bunun da böyük hissəsi Çinə gedir. Nüvə sazişi üzrə yeni saziş, ekspertlərin fikrincə, əlavə 500 min – 1 milyon barel İran neftinin dünya bazarına axınını təmin edəcək. Bundan əlavə, Tehran təxminən 100 milyon barel təşkil edən ehtiyatlarından nefti sürətlə sata bilər.

M.Müller qeyd edir ki, neft qiymətlərinin gələcək istiqaməti ilə bağlı ekspertlərin proqnozları ciddi şəkildə fərqlənir. OPEC+un hasilatın artımını sürətləndirmək qərarının bazara böyük təsir göstərməsi ehtimalı azdır, çünki koalisiyaya daxil olan bir çox ölkələr hasilatın artımına nail ola bilmir, yeni sanksiyalar səbəbindən isə Rusiyadan ixrac azala bilər.

“Analitiklərin fikirlərinin diapazonu heç vaxt bu qədər geniş olmamışdı. Bəziləri qiymətlərin bir barel üçün 135-140 dollara qalxacağını düşünür, bəziləri isə qiymətlərin bir barel üçün 100 dollardan aşağı düşəcəyini düşünür”, – M.Müller bildirib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər