ABŞ şirkətləri süni intellektin tətbiqinə ayrılan şişirdilmiş büdcələri azaltmağa başlayıb və ən qabaqcıl modellərdən daha az istifadə etməyə çalışırlar. The Wall Street Journal (WSJ) yazır ki, bu tendensiya həm sənayedə qüvvələr balansını dəyişə, həm də ABŞ ilə Çin arasında texnoloji rəqabəti daha da kəskinləşdirə bilər.
İsrafçılıq dövrü başa çatır
Bir neçə ay əvvələdək iri korporasiyalar istifadə etdikləri tokenlərin həcmi ilə fəxr edir, əməkdaşlarını süni intellektdən mümkün qədər intensiv istifadə etdiklərinə görə mükafatlandırır, hətta daxili reytinq cədvəlləri dərc edirdilər. Lakin son aylarda şirkətlərin yanaşması qənaətə yönəlib.
Bu dəyişikliyin səbəblərindən biri süni intellekt hazırlayan şirkətlərin sabit aylıq ödəniş müqabilində limitsiz hesablama resurslarından istifadə imkanını aradan qaldırması olub.
Məsələn, Telnyx startapı bu ilin yazında Anthropic şirkətinin aylıq 200 dollar dəyərində fərdi abunələri vasitəsilə xüsusi proqram təminatından istifadə edərək Claude modeli əsasında min AI agentini işə salırdı. Daha sonra Anthropic bu praktikanı qadağan edərək bütün istifadəçiləri token əsaslı ödəniş sistemi ilə API üzərindən işləməyə keçirdi.
Telnyx hesablayıb ki, bu halda min agentin işlədilməsi gündə təxminən 100 min dollara başa gələcək və bu, şirkət üçün sərfəli deyil.
Şirkətlər eyni zamanda başa düşüblər ki, bütün tapşırıqlar üçün ən güclü böyük dil modellərindən (LLM) istifadə etməyə ehtiyac yoxdur. İndi ən inkişaf etmiş modellər əsasən planlaşdırma və koordinasiya üçün istifadə olunur, icra isə daha ucuz modellərə həvalə edilir. Daha sonra başqa bir güclü model nəticəni yoxlayır. İcraçı rolunda isə çox vaxt pulsuz və əsasən Çin mənşəli modellər çıxış edir.
AI şirkətləri yeni şəraitə uyğunlaşır
Bazar payının bir hissəsini itirən OpenAI və Anthropic Çin mənşəli böyük dil modellərinə qarşı iki istiqamətdə çıxış ediblər. Bir tərəfdən onlar Çin şirkətlərini texnologiyaları oğurlamaqda ittiham ediblər, digər tərəfdən isə açıq mənbəli modellərin istifadəsinin potensial riskləri barədə xəbərdarlıq ediblər.
Sənaye nümayəndələrinin və Donald Tramp administrasiyasının bəzi rəsmilərinin fikrincə, Çin mənşəli açıq AI modellərinin ABŞ-də istifadəsi qadağan edilməlidir. Lakin Nvidia, Microsoft və Palantir kimi texnologiya şirkətləri belə məhdudiyyətlərə qarşı çıxaraq bunun rəqabəti zəiflədəcəyini bildiriblər.
WSJ qeyd edir ki, bu mübarizənin nəticəsindən asılı olmayaraq, daha ucuz süni intellekt dövrü artıq başlayıb. ABŞ şirkətləri də açıq modellər hazırlayır, istifadəçilər isə davamlı olaraq daha sərfəli alternativlər axtarırlar.
Qəzetin həmsöhbətləri hazırkı bazarı “amansız rəqabət” kimi qiymətləndirirlər. Onların sözlərinə görə, müştərilər brendlərə sadiqlik göstərmir və ən sərfəli təklifləri seçirlər. Buna görə AI xidmətləri təqdim edən şirkətlər iri endirimlər etməyə məcbur qalırlar.
Məsələn, Pylon startapı bu il müxtəlif AI tərtibatçılarından ümumi dəyəri təxminən 1,7 milyon dollar olan pulsuz tokenlər əldə edib.
Aparıcı AI şirkətləri modellərinin səmərəliliyinə də daha çox diqqət ayırmağa başlayıblar. OpenAI bildirib ki, yeni GPT-5.6 Sol modeli mürəkkəb tapşırıqları daha az token sərf etməklə yerinə yetirə bilir. Anthropic isə cümə günü daha qənaətcil Claude Opus 5 modelini təqdim edib və istifadəçilərə yüksək məhsuldarlıqla daha aşağı xərc arasında seçim imkanı yaradıb.
WSJ vurğulayır ki, hər iki şirkət illər boyu daha güclü və daha bahalı modellər hazırlamağa üstünlük verirdi. Lakin bazarın daha sadə və ucuz həllərə yönəlməsi AI yarışının qaydalarını dəyişir və birjaya çıxmağa hazırlaşan bu startapların yüksək bazar qiymətləndirmələri üçün risk yaradır.







