ABŞ Kuba prezidentinə qarşı sanksiyalar tətbiq edib

ABŞ prezidenti Kuba prezidenti Migel Dias-Kanelə, onun həyat yoldaşına və daha üç nəfərə qarşı sanksiyalar tətbiq edib. AP News-un məlumatına görə, siyahıya həmçinin Kubanın sabiq prezidenti Raul Kastronun yeganə oğlu, əvvəllər Kubanın Müdafiə və Milli Təhlükəsizlik Komissiyasında müşavir vəzifəsində çalışmış Alexandro Kastro Espin də daxil edilib.

İyunun 4-dən qüvvəyə minən sanksiyalar həmin şəxslərin ABŞ ərazisinə girişini qadağan edir, onların ABŞ-dəki əmlak və bank hesablarını dondurur. Məhdudiyyətlər həmçinin onlarla işgüzar əlaqələr qura biləcək ABŞ-dən kənar təşkilatlara da şamil olunur. Fərdi şəxslərlə yanaşı, sanksiyalar Kubanın Müdafiə Nazirliyinə, Xalqlarla Dostluq İnstitutuna, “Amistur Cuba” turizm təşkilatına və İnqilabı Müdafiə Komitələrinə qarşı da yönəlib.

Donald Tramp tətbiq olunan sanksiyaları şərh edərkən bildirib ki, “biz sadəcə istəyirik ki, bu ölkə yaxşı idarə olunsun”. O, Ağ Evdə Oval kabinetdə keçirilən brifinqdə deyib: “Ölkə aclıq içindədir, enerjisi yoxdur, nefti yoxdur, pulu yoxdur, heç nəyi yoxdur. Amma çox gözəl torpaq sahəsi var. Orada möhtəşəm kurortlar tikmək olardı”. Tramp əlavə edib ki, İrandakı hərbi əməliyyatlar başa çatdıqdan sonra “Kuba ilə məşğul olacaq”.

Dias-Kanel isə ABŞ prezidenti Donald Trampı “Kubaya qarşı yeni təhdidedici bəyanatlar verməkdə” ittiham edib və bildirib ki, yeni sanksiyalar blokadanı daha da gücləndirməyə və Kuba ilə ABŞ arasında qarşıdurmanı dərinləşdirməyə yönəlib. O, X sosial şəbəkəsindəki paylaşımında qeyd edib: “Bu siyasi korluq son həftələr ölkəmizə qarşı tətbiq olunan və Kuba xalqına zərər vurmağa yönəlmiş məcburedici tədbirləri daha da ağırlaşdırır”.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər