ABŞ Maliyyə Nazirliyi Kuba ilə əlaqəli olan bir sıra fiziki şəxslərə və şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc olunan bildirişdə qeyd olunub.
Məhdudiyyətlər Alexandro Kastro Espinin həyat yoldaşına da şamil edilib. Alexandro Kastro Espin Kubanın Milli Təhlükəsizlik Şurasına rəhbərlik edir və Raul Kastronun oğludur.
Bundan əlavə, Kuba hökuməti ilə əlaqəli logistika, metallurgiya və maliyyə sektorlarında fəaliyyət göstərən bir sıra şirkətlər də sanksiya siyahısına daxil edilib.
Alexandro Kastro Espin iyunun əvvəlində ABŞ-nin sanksiya siyahısına salınmışdı. Onunla birlikdə Kubanın prezidenti Migel Dias-Kanel, həyat yoldaşı və daha üç nəfərə qarşı da məhdudiyyətlər tətbiq olunub.
Həmçinin sanksiyalar Kubanın Müdafiə Nazirliyinə, Xalqlarla Dostluq üzrə Kuba İnstitutuna, “Amistur Cuba” turizm təşkilatına və İnqilabın Müdafiəsi Komitələrinə qarşı da tətbiq edilib.







