ABŞ avqustun 23-dən etibarən bütün Rusiya ərazisi üzrə qeyri-immiqrasiya vizasının verilməsini dayandıracaq.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Moskvadakı səfirliyindən bildirilib.
“Rusiya Federasiyası tərəfindən ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının əməkdaşlarının sayının azaldılması tədbirləri ilə əlaqədar 2017-ci il avqustun 23-dən başlayaraq bütün Rusiya üzrə qeyri-immiqrasiya vizalarının verilməsi dayandırılacaq”, – deyə səfirliyin saytında yerləşdirilmiş açıqlamada qeyd olunur.
Prosedur sentyabrın əvvəlində yalnız Moskvadakı səfirlikdə bərpa olunacaq, konsulluqlarda isə qeyri-müəyyən müddətə dayandırılıb. Məhdudiyyətlər ABŞ diplomatlarının əvvəlki sayının bərpasına qədər davam edəcək. Səfirlikdən deyiblər ki, viza üçün əvvəl təyin olunmuş müsahibələr ləğv olunur, artıq viza üçün sənədlərini təqdim etmiş şəxslər isə müsahibəni yenidən necə təyin etmək barədə məlumatlandırılacaq. Bundan başqa, Moskvadakı səfirlik və Sankt-Peterburqdakı Konsulluq Belarus vətəndaşlarının viza müraciətlərini də qəbul etməyəcək. Səfirlik viza üçün müraciət etmiş rusiyalıların konsulluq ödənişini də geri qaytarmayacaq. Bildirilir ki, bu ödəniş 1 il ərazində qüvvədədir.
Rusiya Federasiya Şurası bu tədbirləri demarş adlandırıb. Federasiya Şurasının Dövlət suverenliyinin müdafiəsi üzrə komissiyanın rəhbəri Andrey Klimov Rusiyanın bu məhdudiyyətlərə adekvat cavab verəcəyini söyləyib.
Xatırladaq ki, ABŞ Konqresində qəbul olunan sanksiya qanunundan sonra Rusiya hökuməti ölkə ərazisindəki ABŞ diplomatik missiyalarının əməkdaşlarının sayını bu ölkədəki Rusiya diplomatik missiyalarının əməkdaşlarının sayına uyğunlaşdırıb – 455 nəfər. Nəticədə Rusiyadakı ABŞ missiyaları 755 nəfər ixtisara salınıb. Bundan başqa, Rusiya Moskva ətrafında ABŞ diplomatlarının istifadə etdiyi bağ evinə, eləcə də paytaxtdakı Dorojnaya küçəsində yerləşən anbarlara həbs qoyub.