ABŞ-ın senatorlar qrupu koronavirusun yayılması səbəbindən Çinə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini təqdim edib. Pekin koronavirusun yayılmasına səbəb olan hadisələr haqqında tam məlumat verimədiyi təqdirdə, Çinə qarşı məhdudlaşdırıcı tətbirlər tətbiq ediləcəkdir. Məhdudlaşdırıcı tədbirlərə aktivlərin dondurulması, vizaların ləğv edilməsi və ölkəyə girişin qadağan edilməsi daxil ola bilər.
Banker.az xəbər verir ki bu barədə senator Lindsi Grem məlumat verib.
“Çin Kommunist Partiyası bizi aldadıb və buna görə də virus burada, ABŞ-da yayılmağa başlayıb”, – Grem qeyd edir. Onun sözlərinə görə, Çin beynəlxalq ekspertləri araşdırma aparmaq üçün Uhan laboratoriyasına qəbul etməkdən imtina edib. “Əminəm ki, Çin heç vaxt ciddi istintaqda əməkdaşlıq etməyəcək. Onu məcbur etmək lazımdır”, – senator əlavə edir.
Onu daha 8 senator dəstəkləyib. Senatorlardan biri Tom Tillis Çinin hərəkətlərini müasir tarixin ən böyük gizlətmələrdən biri adlandıraraq, onun dünyanın digər ölkələrinə yalan danışmasında günahlandırıb.
Xatırladaq ki, ABŞ mayın əvvəlində Çini cəzalandıracağını bildirmişdir. Ağ Evin nümayəndələrinin sözlərinə görə, bununla administrasiya Pekini daha məsuliyyətli olmağa məcbur etmək istəyir.