ABŞ Senatının sədri vəzifəsini icra edən Patrik Lihi Misirə əlavə hərbi yardım ayrılması təklifini müzakirəyə çıxarmaqdan imtina edib.
Məlumatı “Reuters” yayıb.
Bildirilib ki, P.Lihi Misirə 75 milyon dollarlıq əlavə hərbi yardımla bağlı Dövlət Departamentinin təklifini rədd edib.
Bunun ciddi məsələ olduğunu vurğulayan P.Lihi açıqlamasında həmçinin Misirdə siyasi məhbuslarla bağlı vəziyyətin də acınacaqlı olduğunu xatırladıb.
O, başqa siyasi mülahizələrə görə qanunu poza bilməyəcəklərini qeyd edərək bildirib: “İstər burada, istərsə də Misirdə qanuna riayət etmək və müttəhimlərin hüquqlarını lazımi qaydada qorumaq bizim hamımızın borcudur”.
Məlumata görə, bu təklifin təsdiqi Konqresin 2021-ci ildə ildə qəbul etdiyi qanunun şərtlərindən asılı idi. Həmin sənədə əsasən, Senatın Təsisatlar Komitəsinin Misirə maliyyə yardımı da daxil olmaqla xərcləmə qanunvericiliyi səlahiyyəti var.
Bundan əlavə, İnsan hüquqları təşkilatları Misirin dövlət başçısı, general Əbdülfəttah əs-Sisi hakimiyyətini müxalif düşüncəliləri təqib etməkdə, onlara və başqa əleyhdarlarına işgəncə verməkdə, eləcə də qanunsuz həbsdə ittiham edir.
Qeyd edək ki, Misir hər il ABŞ-dan 1.3 milyard dollar hərbi yardım alır.
Xatırladaq ki, Vermontdan olan yüksək vəzifəli senator – P.Lihi həm də Senatın Təsisatlar Komitəsinin sədri və Demokratlar Partiyasının üzvüdür.