ABŞ və İran nümayəndə heyətləri arasında Dohada Qətərin vasitəçiliyi ilə danışıqlar başlayıb. Bu barədə mənbələrə istinadən “Al Arabiya” məlumat yayıb.
Məlumata görə, Amerika nümayəndə heyəti artıq Qətər rəsmiləri ilə məsləhətləşmələrə başlayıb.
Öz növbəsində, “Reuters” yüksək vəzifəli İran rəsmisinə istinadən bildirib ki, Vaşinqton və Tehran arasında dolayı təmaslar çərşənbə axşamı axşamından etibarən əmirliyin paytaxtında davam edir.
Mənbənin sözlərinə görə, İran tərəfi Qətər və Pakistan nümayəndələri ilə görüşlər keçirib və onlar daha sonra məlumatları Amerika nümayəndə heyətinə çatdırıblar.
Agentliyin həmsöhbəti qeyd edib ki, çərşənbə günü də dolayı danışıqlar davam edib və əsas müzakirə mövzuları “İranın dondurulmuş aktivləri və Hörmüz boğazı” olub.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranın Amerika tərəfi ilə görüş keçirmək istədiyini açıqlamışdı.
Vaşinqtonu məsləhətləşmələrdə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner təmsil edirlər.
Lakin Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib ki, Dohada ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa danışıqlar planlaşdırılmır.






