ABŞ dövlət orqanları istifadəçilərə aid şəxsi məlumatların yayılması ilə əlaqədar 2 faktla bağlı “Yahoo” barədə təhqiqat aparır.
“The Wall Street Journal” nəşrinə istinadən xəbərə görə, təhqiqatı aparan ABŞ-ın Qiymətli kağızlar və birjalar üzrə Federal Komissiyası ötən ilin dekabrında “Yahoo”dan müvafiq sənədlər tələb edib. Komissiya şirkətin qanunazidd hərəkət edib-etmədiyini müəyyənləşdirmək istəyir. Komissiya hesab edir ki, şirkət məlumatların internetə sızması və kibertəhlükəsizlik sahəsində problemlə bağlı dərhal sərmayədarları xəbərdar etməli idi.
Təhqiqat 2014-cü ildə 500 milyon istifadəçinin şəxsi məlumatlarının hakerlər tərəfindən ələ keçirilməsi ilə bağlıdır. Lakin şirkət bu barədə informasiyanı 2016-cı ilin sentyabrında açıqlayıb. “Yahoo” bu faktı 2 il gizlətməsinin səbəbini izah etməyib. Daha bir analoji hadisə 2013-cü ildə baş verib və təxminən 1 milyard istifadəçiyə aid məlumatlar internetə sızıb.
Qeyd edək ki, “Yahoo”nu 4,83 milyard dollara satın almaq üçün razılaşan “Verizon”un istifadəçi bilgilərinin iri miqyaslı sızıntısı ilə əlaqədar sövdələşmədən vaz keçə biləcəyi barədə xəbər yayılıb.
Lent.az