Azərbaycanın üzüm qəbulu, emalı və onun əsasında alkoqol məhsulları istehsalı üzrə ən böyük müəssisəsi olan “Abşeron-Şərab” ASC-nin mətbuat xidməti “Gəncə Şərab-2” şirkəti tərəfindən plagiat ittihamlarına cavab verib.
“Abşeron-Şərab” ASC-nin uğurları, təəssüf ki, ədalətli rəqabətə alışmayan rəqiblərdə həsəd doğurur. İstehsal edilən məhsullarının yüksək keyfiyyəti və düzgün marketinq siyasəti sayəsində “Abşeron-Şərab” ASC son üç ildə spirtli içkilərin ixracında lider mövqeyinə çıxıb və bu mövqeyi qətiyyətlə qoruyur.
Məhsullarımızın ixrac coğrafiyası Almaniya, Polşa, Belarus, Ukrayna, Rusiya və Çin kimi ölkələri əhatə edir. “Abşeron-Şərab” şirkətinin şərab şüşələrinin ixracı 2018-ci ildə 1 milyon 300 min ədəd təşkil edib və artıq 2019-cu ildə 1 milyon 700 minə çatıb. 2018-ci ildə şirkət İqtisadiyyat Nazirliyi və Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən “İlin ixracatçısı” mükafatına layiq görülüb.
Son vaxtlar “Gəncə Şərab-2” KİV-də bizə qarşı qara piar kampaniyası başladıb. Güman edirik ki, əsas səbəb məhz onların sağlam rəqabətə dözməməsi və keçmiş müştərilərinin getdikcə rəqibin məhsullarının keyfiyyətsizliyini arqument göstərərək, “Abşeron-Şərab”la əməkdaşlığa üstünlük verməsidir.
“Gəncə Şərab-2” bizi ona məxsus brendlərin adlarından istifadə etməkdə ittiham edir: “Bakı İşıqları”, “Qız Qalası”, “Yeddi Gözəl”, ancaq bu adlar üzərində müəllif hüquqlarını təsdiq edən heç bir hüquqi sənəd təqdim etmir. Sual yaranır: onlar özlərinə aid olmayan və ola bilməyəcək bir şeyə necə haqq iddia edə bilərlər?
Əslində, müəllif hüququ – müəllif və ya müəlliflərin onun (və ya onların) orijinal işi üzərində hüquqlarının məcmusudur. Bununla birlikdə tarixi abidə və tikililər, toponimlər, sənət əsərləri və s. bəşəriyyətin qeyri-maddi mədəni irsidir.
Buna görə “Gəncə Şərab-2” və başqa kimsənin onların adlarının yeganə sahibi olmaq hüququ yoxdur. Yazılış qaydasının qeydiyyatına və ya məhsul etiketlərində dizayna icazə verilir, lakin bu heç kimə “Mədrəsə”, “Qız Qalası”, “Çinar”, “Yeddi gözəl”, “Bakı”, “Abşeron”, “Ağdam” kimi adları mənimsəmək hüququ vermir.
Buna görə də Azərbaycanda istənilən istehsalçı bu adlardan istifadə etmək hüququna malikdir. Bizim məhsullarımızın etiketləri rəqiblərinkindən 100 faiz fərqlənir, bundan əlavə, şərabımızın şüşəsinin ixrac qiyməti “Gəncə Şərab-2” ilə müqayisədə 30 faiz bahadır. Özünüz nəticə çıxarın.
Biz “Gəncə Şərab-2”nin nümayəndəsi ilə razıyıq ki, son illər dövlət yerli məhsulun xarici bazara ixracını stimullaşdırmaqla, maliyyə şəffaflığını yoluna qoymaq və kontrafaktla mübarizə aparmaqla sahibkarlığın inkişafına və xüsusən şərabçılığa böyük diqqət ayırır. Bizə isə istehsalçı kimi, sadəcə, vaxtında vergiləri ödəmək və Azərbaycan məhsullarının beynəlxalq aləmdə təbliği və tanıdılması ilə təmsil etdiyimiz sahəni inkişaf etdirmək qalır.
“Abşeron-Şərab” ASC yerli və beynəlxalq bazarlara etibarlı tərəfdaş və təchizatçı kimi nüfuzunu, həmçinin, şirkət əməkdaşları və müştərilərin yüksək etimadını qiymətləndirir. Və hər kəs üçün asan olmayan bu ağır pandemiya zamanı bütün həmkarlarımıza bizneslərində uğurlar, ən əsası isə sağlam və ədalətli rəqabət arzulamaq istərdik”, – deyə “Abşeron-Şərab” ASC-nin məlumatında bildirilib.