10 C
Baku
Wednesday, December 11, 2024

AccessBank 2022-ci ilin ikinci rübünün maliyyə hesabatını açıqladı

Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2022-ci ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

Ətraflı məlumat əldə etmək üçün: https://www.accessbank.az/az/our-bank/in-figures/

İkinci rübün sonuna bankın aktivləri 1 milyard manata çatıb.  

Həmin dövrdə bankın xalis kredit portfeli 674.2 milyon təşkil edib. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üzrə ehtiyatlar nəzərə alınmadan, Bankın portfeli 712.5 milyon manat təşkil edib. İkinci rüb ərzində Bankın balansındakı xalis kredit portfelinin payı 64.0%-dən 67%-dək artıb. 

Bundan başqa, 2022-ci ilin ikinci rübü ərzində AccessBank 205.2 milyon manat məbləğində kredit verib. Kredit portfelinin artımı ilin ilk rübü ilə müqayisədə 45.6 milyon təşkil edib. Bank tərəfindən verilən aylıq kreditlərin 50%-dən çoxu bölgə filiallarının payına düşüb və bütün mikrokreditlərin təxminən 40%-i kənd təsərrüfatı sektoruna verilib.

Bankın depozit portfeli son yarım ildə 13% artıb və 779.6 milyon manat təşkil edib.

Habelə, ilk yarımillik dövr ərzində bankın xalis faiz gəlirləri 37.2 milyon manata bərabər olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48% artım deməkdir. 

Bankın 2022-ci ilin iki rübü ərzində əməliyyat mənfəəti 7.0 milyon manat olub. Halbuki ötən ilin eyni dövründə bu göstərici -1.4 milyon manat təşkil edirdi. 

2022-ci ilin ikinci rübündə bankın xalis mənfəəti 1, 037.0 min manat, yarımillik üzrə 1,839.75 min manat təşkil edib.

Hazırda Bankın cəmi məcmu kapitalı 83.7 milyon manat təşkil edir ki, bu da minimum məcmu kapital normasından (50 milyon manat) 33.7 milyon manat çoxdur.

İyun ayının sonuna bankın ani likvidlik əmsalı 75.3% təşkil edib. Bu isə normadan (30%) təxminən 2.5 dəfə yüksəkdir.

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.

Son xəbərlər
Digər xəbərlər